İQTİSADİYYAT


AZAL “IATA Travel Pass” tətbiqini ən çox tələbat olan istiqamətlərdə sınaqdan keçirməyə başlayır

AZAL “IATA Travel Pass” tətbiqini ən çox tələbat olan istiqamətlərdə sınaqdan keçirməyə başlayır

Bakı, 28 iyul, AZƏRTAC

Cari ilin avqust ayında Azərbaycanın milli aviadaşıyıcısı daha çox tələbat olan reyslərində “IATA Travel Pass” tətbiqini sınaqdan keçirəcək.

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “IATA Travel Pass” tətbiqi - smartfonlarda quraşdırılmış və koronavirus infeksiyası üçün test nəticələri, habelə gələcəkdə peyvəndləmə barədə məlumatlar da daxil olmaqla, sərnişinin sağlamlığı haqqında uçuş üçün lazım olan bütün məlumatları ehtiva edən bir növ rəqəmsal səyahət sənədidir. Tətbiq sayəsində uçuşqabağı rəsmiyyətlər daha az vaxt aparacaq.

“IATA Travel Pass” tətbiqini ilk olaraq AZAL-ın Bakı-İstanbul-Bakı (GYD-IST-GYD), Bakı-Moskva-Bakı (GYD-DME-GYD) və “Buta Airways”in Bakı-İstanbul-Bakı (GYD-SAW-GYD), Bakı-Jukovski-Bakı (GYD-ZIA-GYD) reyslərinin sərnişinləri sınaqdan keçirə biləcəklər.

Qeyd edilən reyslərdə sınaq müvəffəqiyyətlə keçdiyi təqdirdə, gələcəkdə aviaşirkət bu proqramın daimi əsasda tətbiqini nəzərdən keçirəcək.

Tətbiqin xidmətləri Azərbaycandan bu reyslərlə uçan bütün sərnişinlər və ölkəyə gələn Azərbaycan vətəndaşları üçün mümkün olacaq.

“IATA Travel Pass” tətbiqi vasitəsilə rəqəmsal pasportu təqdim edən sərnişinlərə qeydiyyat masasında prioritet qaydada xidmət göstəriləcək, habelə onlar Heydər Əliyev Beynəlxalq Aeroportunda sərhəd nəzarətindən prioritet qaydada keçid xidmətlərindən (Fast Track) istifadə edə biləcəklər.

“IATA Travel Pass” tətbiqindən istifadəyə görə bonus olaraq, AZAL və “Buta Airways” reyslərində tətbiqin sınaqdan keçirilməsində iştirak edən “AZAL Miles” bonus proqramının hər bir iştirakçısına əlavə 250 bonus mili hesablanacaq.

Cari ilin may ayında AZAL və IATA Azərbaycanda “IATA Travel Pass” tətbiqinin istifadə imkanlarını müzakirə etmişdilər. Mobil əlavənin tətbiqi sərhədlərin təhlükəsiz açılmasına və aviasiya sərnişin axınının COVID-19 pandemiyasınadək mövcud olan göstəricilərə qədər bərpasına kömək edəcək.

iOS (13.2 və daha yüksək versiyası) və Android (6.0 və daha yüksək versiyası) bazasında mobil cihazlar üçün IATA Travel Pass tətbiqini aşağıdakı keçidlər vasitəsilə yükləyə bilərsiniz:

Apple AppStore: https://apps.apple.com/us/app/iata-travel-pass/id1533417649 

Google Play: https://play.google.com/store/apps/details?id=org.iata.tpa 

Qeyd etmək lazımdır ki, “IATA Travel Pass” tətbiqi sərnişinlərin fərdi məlumatlarının icazəsiz istifadədən qorunması nəzərə alınmaqla hazırlanıb. Şəxsi məlumatlar IATA serverlərində və ya digər bulud xidmətlərində saxlanılmır ki, bu da onların sızma riskini minimuma endirir.

Tətbiqin istifadəsinə dair ətraflı təlimat aviaşirkətin internet saytında təqdim olunub: https://www.azal.az/az/information/iata-travel-pass 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.