İQTİSADİYYAT


AZAL hava gəmiləri parkına yeni “Boeing 787 Dreamliner” təyyarələri əlavə edə bilər

Bakı, 14 oktyabr, AZƏRTAC

Oktyabrın 14-də Bakı şəhərində “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin prezidenti Cahangir Əsgərov ilk dəfə Bakıya işgüzar görüşlə səfər edən “Boeing Commercial Airplanes” şirkətinin Rusiya və MDB ölkələrində Satış və Marketinq üzrə vitse-prezidenti Monte Freyzerlə görüşüb. Görüşdə, həmçinin şirkətin satış üzrə direktoru Volkan Eser də iştirak edib.

AZAL-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüş çərçivəsində “Azərbaycan Hava Yolları” aviaşirkəti üçün yeni “Boeing 787 Dreamliner” təyyarələrinin çatdırılmasına dair ilkin razılaşma əldə edilib. Tərəflər “Boeing” korporasiyası tərəfindən 9 genişfüzelyajlı “Dreamliner” təyyarəsinin təchizat imkanlarını müzakirə ediblər. Həmin təyyarələr AZAL-ın hava gəmiləri parkına daxil olan mövcud “Boeing 757”, “Boeing 767” və “Airbus A340” təyyarələrini 2030-cu ilin sonunadək əvəz edə biləcək.

Müvafiq təklif hazırlandıqdan sonra “Azərbaycan Hava Yolları” QSC-nin Müşahidə Şurasının və Azərbaycan İnvestisiya Holdinqinin müzakirəsinə təqdim olunacaq.

Hazırda AZAL aviaşirkəti uzaqməsafəli istiqamətlərdə özünü doğruldan iki “Boeing 787-8 Dreamliner” təyyarəsini istismar edir. Qeyd edək ki, AZAL postsovet məkanında “Boeing 787-8 Dreamliner” təyyarəsi istismar edən ilk aviaşirkətdir. Aviaşirkətin hava gəmiləri parkına belə yeni təyyarələrin daxil edilməsi “Azərbaycan Hava Yolları”nın bütün dünyada uçuşlarının coğrafiyasını daha da genişləndirəcək.

Görüş zamanı tərəflər AZAL və “Boeing” arasında tərəfdaşlıq və dostluq münasibətlərini yüksək qiymətləndiriblər və qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əmin olduqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.