İQTİSADİYYAT


AZAL ilə KPMG Azərbaycan və Avropa arasında “Open Skies” layihəsini müzakirə ediblər

Bakı, 6 noyabr, AZƏRTAC

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov noyabrın 6-da “KPMG Azerbaijan” şirkətinin nümayəndələri - baş menecerlər Fərid Baxşıyev və Andrey İvanovla görüşüb.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, danışıqların əsas mövzusu Azərbaycan və Avropa arasında “Open Skies” müqaviləsinin təfərrüatları olub. Azərbaycan hökumətinin sifarişi ilə KPMG şirkəti bu layihə üzrə məsləhətçi rolunda çıxış edir.

C.Əsgərovun sözlərinə görə, belə bir fikir mövcuddur ki, guya AZAL Avropa ilə “Open Skies” müqaviləsinin imzalanmasının nəticələrindən ehtiyatlanır. “Mən rəsmən bəyan edirəm ki, hər hansı aviaşirkət üçün Azərbaycana reyslərin yerinə yetirilməsi ilə bağlı heç bir məhdudiyyət yoxdur. Hətta vurğulamaq istərdim ki, xarici daşıyıcılara hava məkanı azadlığı ilə bağlı geniş kommersiya hüquqları verilir”, - deyə AZAL-ın prezidenti bildirib.

Azərbaycan azsaylı ölkələrdən biridir ki, xarici aviaşirkətlərə beşinci (Bakıdan keçərək tranzit), hətta ən yüksək səkkizinci (ölkə daxilində reyslər yerinə yetirmək hüququ) hava sərbəstliyi hüququ verir. “Bir daha vurğulamaq istərdim ki, Azərbaycanın hava limanları bütün aviaşirkətlər üçün açıqdır, biz hava daşımaları bazarımızdakı bütün yeni aviadaşıyıcıları salamlayırıq”, - deyə C.Əsgərov əlavə edib.

KPMG şirkətinin baş meneceri Fərid Baxşıyevin sözlərinə görə, “Open Skies” müqaviləsinin aviasiya sənayesinə təsirinin müəyyənləşdirilməsi üzrə beynəlxalq təcrübənin geniş təhlili aparılıb, bu layihənin mümkün nəticələrinin yumşaldılması üçün təlimatlar, habelə yol xəritəsi hazırlanıb.

Onun sözlərinə görə, bu gün AZAL aviaşirkəti innovasiya, texnologiya və beynəlxalq standartların tətbiqi sahəsində böyük nailiyyətlər əldə edib və mülki aviasiya Azərbaycanın qeyri-neft sektorunun əsas seqmentlərindən biri sayılır.

Həmçinin qeyd olunub ki, “Open Skies” müqaviləsinin imzalanmaya hərtərəfli hazırlanması və ratifikasiya olunması üçün Avropa ölkələrinə 10 ilə yaxın müddət lazım olub.

Danışıqların yekunlarına əsasən tərəflər KPMG şirkəti tərəfindən hazırlanmış yol xəritəsinin tətbiqi üzərində birgə fəaliyyəti davam etdirmək barədə razılığa gəlib. Həmçinin risk menecmenti, investisiya strategiyası, müəssisələrin kapitallaşdırılmasının qiymətləndirilməsi sahəsində KPMG şirkəti ilə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Qeyd edək ki, hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 50-dən çox istiqamət üzrə 30-dan artıq aviaşirkətə xidmət göstərir. 2018-ci ilin doqquz ayı ərzində paytaxtın hava limanı 3,49 milyon sərnişinə xidmət göstərib (ötən ilin analoji göstəricisindən 10 faiz çox). Yeni reyslərin açılması nəzərə alınmaqla 2020-ci ilin yekunları üzrə bu göstəricinin ildə 7 milyon sərnişinədək yüksəldilməsi prioritet vəzifələrdən biridir.

KPMG audit və konsaltinq sahəsində peşəkar xidmətlər göstərən və “Böyük Dördlük”ə daxil olan dünyanın ən böyük şəbəkələrindən biridir. KPMG-nin 155 ölkədə nümayəndəlikləri mövcuddur və 150 mindən çox əməkdaşı var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.