İQTİSADİYYAT


AZAL-ın 50 yaşdan yuxarı əməkdaşları koronavirusa qarşı peyvənd olunurlar

Bakı, 22 fevral, AZƏRTAC

Fevralın 22-dən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) 50 yaş və daha yuxarı olan bütün işçilərinin koronavirus (COVID-19) infeksiyasına qarşı peyvəndləmə prosesinə başlanılıb.

QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu yaş kateqoriyasına aid aviasiya personalı ilk növbədə koronavirus infeksiyasına qarşı peyvənd olunmalı şəxslər siyahısına daxildir.

Aviaşirkətin işçi heyətinin peyvənd olunması fevralın 26-dək davam edəcək. Peyvənd olunma könüllü xarakter daşıyır və ödənişsiz həyata keçiriləcək.

Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı COVID-19 infeksiyasına qarşı peyvənd olunmalı bütün vətəndaşları peyvəndləmə prosesində daha fəal iştirak etməyə çağırır. Bu, ölkədəki epidemioloji vəziyyətin yaxşılaşdırılmasına və ən qısa müddətdə aviasiya və turizm sektorunun bərpasına kömək edəcək.

AZAL ölkədəki uğurlu peyvəndləmə proqramı sayəsində Azərbaycan sərhədlərinin açılmasını və sərnişindaşıma sektorunun normal fəaliyyətə dönəcəyini gözləyir. Aviaşirkətin beşillik inkişaf planına əsasən 2023-cü ilə qədər əvvəlki daşıma həcmlərinə qayıtmaq və pandemiyadan əvvəl “Azərbaycan Hava Yolları”nın uçduğu bütün marşrutlar üzrə müntəzəm reysləri bərpa etmək nəzərdə tutulub. 2025-ci ilədək isə aviaşirkət yaxın və uzaq xaricdəki marşrut xəritəsini daha da genişləndirməyi planlaşdırır.

Həmçinin uçuşların bərpası çərçivəsində Heydər Əliyev Beynəlxalq Aeroportu xarici aviaşirkətlərin ölkəyə cəlb edilməsinin və yeni hava xətlərinin açılmasının təşviqi proqramını davam etdirəcək.

Qeyd etmək lazımdır ki, sərhədlərin bağlanmasına qədər Azərbaycanın bütün beynəlxalq hava limanlarında hava məkanının beşinci və yeddinci dərəcəli “hava azadlığı” rejimləri tətbiq olunurdu. Azərbaycana uçuşlar həyata keçirmək istəyən bütün xarici aviaşirkətlər sonradan milli aviadaşıyıcı ilə eyni hüquqları əldə edəcəklər. Həmin azadlıq dərəcələri Azərbaycan hava limanlarından Avropa, Şimali Amerika, Avstraliya və Cənub-Şərqi Asiyanın 40 ölkəsinə uçuş icra etmək imkanı yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.