İQTİSADİYYAT
AZAL-ın top-menecerləri “CEO Lunch Baku”nun fəxri qonağı olub
Bakı, 27 noyabr, AZƏRTAC
“Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Eldar Hacıyev “Caspian European Club”un noyabrın 27-də təşkil etdiyi “CEO Lunch Baku”da fəxri qonaq qismində iştirak edib.
Klubdan AZƏRTAC-a bildirilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov, “Azərbaycan Hava Yolları” QSC-nin sərnişin aviaşirkətinin direktoru Cəmil Mənizadə, “Azərbaycan Hava Yolları”nın prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski, Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Fəxriyə Xələfova və Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) prezidenti Tahir Əmiraslanov da “CEO Lunch Baku”da fəxri qonaq olub.
Tədbirin əvvəlində AMKM-nin prezidenti T.Əmiraslanov və “Barattson” şirkətinin icraçı direktoru Elşən Rəhimov təqdimatla çıxış ediblər. Sonra “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti E.Hacıyevin çıxışı, Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru T.Həsənovun və “Azərbaycan Hava Yolları” QSC-nin sərnişin aviaşirkətinin direktoru C.Mənizadənin təqdimatı, həmçinin Əməkdar incəsənət xadimi F.Xələfovanın çıxışı baş tutub.
Tədbir “Caspian European Club”un “Azərbaycan Hava Yolları” QSC ilə əməkdaşlığın genişləndiriməsində maraqlı olan üzv şirkətlərinin çoxsaylı müraciətləri nəticəsində təşkil edilib. “CEO Lunch Baku”da qeyri-rəsmi şəraitdə klubun üzv şirkətlərinin rəhbərlərinin özəl sektor ilə “Azərbaycan Hava Yolları” arasında əməkdaşlığın genişləndirilməsi məsələləri üzrə təklif və təşəbbüsləri müzakirə olunub. “CEO Lunch Baku”nun iştirakçıları onları maraqlandıran suallara cavab tapmaq imkanı əldə ediblər.
Biznes-forumda Eldar Hacıyev, Teymur Həsənov, Cəmil Mənizadə, Fəxriyyə Xələfova və Tahir Əmiraslanova “Caspian European Club”un fəxri üzvlük sertifikatı təqdim olunub. “Caspian European Club”un yeni və hazırkı üzvləri – “North West Construction”, “Narimanfilm”, KPMG, “Grant Thornton Azerbaijan”, “SALAM Tourism &Travel”, “Benzeine” şirkətlərinə də sertifikatlar verilib.
“CEO Lunch Baku”nun baş sponsoru “Azərçay” ticarət markasıdır.