İQTİSADİYYAT


AZAL mülki aviasiya sahəsində yüksək beynəlxalq təhlükəsizlik tələblərinə cavab verdiyini bir daha təsdiq edib

AZAL mülki aviasiya sahəsində yüksək beynəlxalq təhlükəsizlik tələblərinə cavab verdiyini bir daha təsdiq edib

Bakı, 17 may, AZƏRTAC

Milli aviadaşıyıcı “Azərbaycan Hava Yolları” QSC (AZAL) Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) “Operational Safety Audit” (IOSA) standartına uyğunluğun müəyyən edilməsi üzrə auditdən növbəti dəfə uğurla keçib.

AZAL-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ilk dəfə distant formatda baş tutan bu audit yoxlaması “Azərbaycan Hava Yolları” aviaşirkətinin mülki aviasiya sahəsində ən ciddi beynəlxalq təhlükəsizlik tələblərinə cavab verən etibarlı aviadaşıyıcı olduğunu bir daha təsdiq edib.

IOSA auditi (IATA-nın “İstismar Təhlükəsizliyinin Yoxlanılması” Proqramı) bir neçə bölmə üzrə qurulmuş yüzlərlə vacib standartın və tövsiyə olunan prosedurların yoxlanılması proqramıdır və aviaşirkət auditdən keçdiyi zaman həmin standartlara uyğunluğunu təsdiq etməlidir.

Audit proqramına aviadaşımalar sahəsində yerüstü, yük və uçuş əməliyyatları, hava gəmiləri parkına xidmət göstərilməsi, hava daşımalarının təhlükəsizliyi və sair kimi əsas fənlərin yoxlanılması daxildir. Audit yoxlaması təkcə aviaşirkətin istehsalat fəaliyyətinin deyil, həm də təşkilati strukturunun qiymətləndirilməsini əhatə edir. Yoxlama çərçivəsində insan amilinin təsirindən yaranan risklərin minimuma endirilməsi sistemi və əks əlaqə sistemi qiymətləndirilir ki, bu da düzəliş məqsədilə tədbirlərin vaxtında görülməsini təmin edir. Aviadaşıyıcının hər bir əməkdaşının hərəkətləri ən kiçik təfərrüatlara qədər əvvəlcədən müəyyən olunub. Bu addım mümkün olan bütün səhvləri və çatışmazlıqları minimuma endirməyə imkan verir.

“AZAL mülki hava daşımalarının təhlükəsizliyi sahəsində ən mühüm yoxlamalardan biri olan IOSA auditindən artıq yeddinci dəfədir ki, uğurla keçir. Pandemiya şəraitində auditi uğurla keçməsi bir daha sübut edir ki, uçuş təhlükəsizliyinin ən yüksək səviyyədə saxlanılması aviaşirkətimizin əsas prioritetlərindən biridir”, - deyə “Azərbaycan Hava Yolları”nın prezidenti Cahangir Əsgərov bildirib.

Qeyd edək ki, Azərbaycanın Milli aviadaşıyıcısı 1993-cü ildən IATA-nın üzvüdür.

Uçuşların təhlükəsizliyini ciddi səviyyədə təmin etməklə yanaşı, AZAL sərnişinlərə yüksəkkeyfiyyətli xidmət göstərdiyinə görə dəfələrlə mükafatlara layiq görülüb. Hava daşımaları sahəsində dünyada ən nüfuzlu reytinq şirkəti sayılan Britaniyanın “Skytrax” konsaltinq şirkəti AZAL-ı nüfuzlu “4 ulduz” reytinqinə layiq görüb, eləcə də aviaşirkəti “Orta Asiya və Hindistan” bazarında mövcud olan daşıyıcılar arasında ən yaxşı aviaşirkət elan edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.