İQTİSADİYYAT
AZAL reyslərində “IATA Travel Pass” tətbiqinin sınaqdan keçirilməsi müddəti uzadılıb
Bakı, 16 avqust, AZƏRTAC
Pandemiya dövründə səyahəti asanlaşdırmağa imkan verən “IATA Travel Pass” mobil tətbiqinin sınaq müddəti sentyabrın 20-dək uzadılır.
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, smartfonlarda quraşdırılmış və sərnişinin sağlamlığı haqqında uçuş üçün lazım olan bütün məlumatları ehtiva edən rəqəmsal “IATA Travel Pass”, uçuşqabağı rəsmiyyətləri asanlaşdırır. Hazırda “IATA Travel Pass” tətbiqini AZAL-ın Bakı–İstanbul-Bakı (GYD-IST-GYD) və Bakı–Moskva-Bakı (GYD-DME-GYD), “Buta Airways”in Bakı-İstanbul-Bakı (GYD-SAW-GYD) və Bakı–Jukovski-Bakı (GYD-ZIA-GYD) reyslərinin sərnişinləri yükləyə bilərlər.
Tətbiqin xidmətləri Azərbaycandan bu reyslərlə yola düşən bütün sərnişinlər və ölkəyə gələn Azərbaycan vətəndaşları üçün mümkündür.
“IATA Travel Pass” tətbiqi vasitəsilə rəqəmsal pasportu təqdim edən sərnişinlərə qeydiyyat masasında prioritet qaydada xidmət göstəriləcək. Onlar, eyni zamanda, Heydər Əliyev Beynəlxalq Aeroportuna gəliş zamanı sərhəd nəzarətindən prioritet qaydada keçid xidmətlərindən (Fast Track) istifadə edə biləcəklər.
AZAL və “Buta Airways” reyslərində “IATA Travel Pass” tətbiqin sınaqdan keçirilməsində iştirak edən “AZAL Miles” bonus proqramının hər bir iştirakçısına əlavə 250 bonus mil hesablanacaq.
Bundan əlavə, Bakıdan yola düşən sərnişinlər, “Travel Pass” proqramına qoşulmuş klinikalarda və laboratoriyalarda PCR test müayinəsinə güzəşt əldə edəcəklər.
iOS (13.2 və daha yüksək versiyası) və Android (6.0 və daha yüksək versiyası) bazasında mobil cihazlar üçün “IATA Travel Pass” tətbiqini “Apple AppStore”: https://apps.apple.com/us/app/iata-travel-pass/id1533417649, “Google Play”: https://play.google.com/store/apps/details?id=org.iata.tpa keçidləri vasitəsilə yükləyə bilərsiniz.
Qeyd etmək lazımdır ki, “IATA Travel Pass” tətbiqi sərnişinlərin fərdi məlumatlarının icazəsiz istifadədən qorunması nəzərə alınmaqla hazırlanıb. Şəxsi məlumatlar IATA serverlərində və ya digər bulud xidmətlərində saxlanılmır ki, bu da onların sızma riskini minimuma endirir.
Tətbiqin istifadəsinə dair ətraflı təlimat və dəvət kodu ilə aviaşirkətin saytında https://www.azal.az/az/information/iata-travel-pass linkdən keçid edərək tanış olmaq mümkündür.