İQTİSADİYYAT


AZAL və “HungaroControl” hava hərəkətini idarəetmə sahəsində əməkdaşlıq edəcəklər

Bakı, 9 oktyabr, AZƏRTAC

Oktyabrın 9-da “HungaroControl”un icraçı direktoru Kornel Szepeşinin başçılıq etdiyi nümayəndə heyəti Bakıya səfərə gəlib.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanda aeronaviqasiya sisteminin fəal inkişafı və innovasiya texnologiyalarının tətbiqini müşahidə edən Avropanın aeronaviqasiya xidməti strukturları AZAL-ın nəzdindəki “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) ilə əməkdaşlığa maraq göstərirlər.

Qonaqlar yeni Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzi (ASEC) və “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsini (AZANS) ziyarət ediblər.

Səfər zamanı aşağıda sadalanan sahələrdə gələcək əməkdaşlıq məqsədilə bir sıra məsələlər müzakirə olunub:

- HHİ qüllələri üçün konseptual həllərin işlənib hazırlanması;

- hava məkanının modelləşdirilməsi;

- aeronaviqasiya xidməti personalının təlimi;

- pilotsuz sistemlərin hərəkətinin idarə edilməsi sahəsində tədqiqatlar;

- aeronaviqasiya sahəsində elmi-tədqiqat işləri.

Müzakirələrin yekunlarına əsasən AZANS HHİ-nin direktoru Fərxan Quliyev və “HungaroControl”un icraçı direktoru Kornel Szepeşi əməkdaşlıq haqqında Memorandum imzalayıblar.

Qeyd edək ki, Macarıstanın aeronaviqasiya xidmətləri təchizatçısı “Hungarocontrol” Macarıstanın hava məkanında aeronaviqasiya xidmətini təmin edir, həmçinin hava hərəkətinin idarə edilməsi üzrə heyət təlimləri keçirir və aeronaviqasiya sahəsindəki yenilikləri tədqiq edir.

“Azərbaycan Hava Yolları” QSC-nin struktur bölməsi olan “Azəraeronaviqasiya” (AZANS) Avropa və Asiyanı birləşdirən əsas hava hərəkəti idarəsidir. Hər il Azərbaycan Respublikasının ərazisi üzərindən 90 mindən çox tranzit uçuşlar yerinə yetirilir. Həmçinin Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkə ərazisində postsovet məkanında yeganə olan Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzinin (ASEC) açılmasına imkan vermişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.