İQTİSADİYYAT


AZAL və LOT aviaşirkətlərinin rəhbərləri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Bakı, 26 may, AZƏRTAC

Mayın 26 –da “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərovun dəvəti ilə LOT aviaşirkətinin baş icraçı direktoru və İdarə Heyətinin sədri Rafal Milçarskinin başçılıq etdiyi Polşa nümayəndə heyəti Bakıya işgüzar səfərə gəlib.

Bu barədə AZƏRTAC-a AZAL-ın mətbuat xidmətindən bildirilib.

AZAL-ın ofisində keçirilən, Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanovanın da iştirak etdiyi görüşdə Cahangir Əsgərov və Rafal Milçarski ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Qeyd olunub ki, tərəflər hava əlaqəsinin başlanması münasibətilə bir-birini təbrik edərək, reyslərin davamlı yerinə yetirilməsinə ümid etdiklərini bildiriblər. İki ölkə arasında uçuşların başlanması turizm axınını artırmağa və Azərbaycanla Polşa arasında işgüzar əlaqələri genişləndirməyə imkan verəcək. Polşa aviadaşıyıcısı mayın 28-də Varşavadan Heydər Əliyev Beynəlxalq Aeroportuna ilk reysini həyata keçirəcək. Uçuşlar həftədə 4 dəfə yerinə yetiriləcək.

AZAL-ın prezidenti Cahangir Əsgərov ölkənin bütün yeddi beynəlxalq hava limanında beşinci və yeddinci dərəcəli “hava azadlığı” rejiminin tətbiq olunduğunu xüsusilə xatırladıb. Bu hava azadlığı dərəcələri xarici aviadaşıyıcılara Azərbaycan aviaşirkətləri ilə bərabər hüquqlar təqdim edir və Azərbaycanın hava limanları vasitəsilə tranzit reyslər yerinə yetirmək imkanı verir.

LOT aviaşirkətinin rəhbəri Rafal Milçarski Azərbaycan və Polşa arasında reyslərin yerinə yetirilməsinə böyük maraq göstərdiyini vurğulayıb. Onun sözlərinə görə, müntəzəm reyslərin yerinə yetirilməsi hər iki ölkənin qarşılıqlı faydalı maraqlarının inkişafına təkan verəcək.

Görüşün sonunda qonaqlara beşulduzlu Heydər Əliyev Beynəlxalq Aeroportunun imkanları, xüsusilə təyyarələrə göstərilən yerüstü xidmət, müxtəlif xidmətlərinin fəaliyyəti və aerovağzal kompleksində sərnişinlər üçün yaradılmış rahat şərait nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.