İQTİSADİYYAT
“AZAL”dan Birinci Avropa Oyunlarının qonaqlarına növbəti xoş sürpriz VİDEO
Bakı, 9 iyun, AZƏRTAC
“Azərbaycan Hava Yolları” QSC (AZAL) iyunun 12-dən 28-nə kimi keçiriləcək “Bakı-2015” ilk Avropa Oyunlarında akkreditasiyadan keçmiş xarici ölkə vətəndaşları üçün xüsusi aksiyanın başlandığını elan edir.
“AZAL”ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, xarici ölkə vətəndaşları birinci Avropa Oyunlarına akkreditasiya buraxılışını (beyc) təqdim etməklə 2015-ci ilin sonunadək “AZAL” şirkətinın bütün reyslərinə biletləri 50 faiz endirimlə əldə edə bilərlər. Xarici vətəndaşlar akkreditasiya vərəqələrini saxlayıb, Azərbaycana yenidən səfər etmək üçün gözəl fürsətdən faydalana bilərlər.
Hər il Azərbaycandan dünyanın 38 ölkəsinə 16 mindən çox beynəlxalq reys həyata keçirilir.
“AZAL”ın Azərbaycanın 5 şəhəri (Bakı, Gəncə, Lənkəran, Naxçıvan və Sumqayıt) ilə yanaşı, dünyanın bir çox mərkəz şəhərlərində - London (Böyük Britaniya), Paris (Fransa), Berlin və Frankfurt (Almaniya), Milan və Roma (İtaliya), Barselona (İspaniya), Praqa (Çexiya), Nyu- York (ABŞ), Pekin (Çin), Seul (Koreya), Ankara və İstanbul (Türkiyə), Dubay (BƏƏ), Tehran və Təbriz (İran), Tel-Əviv (İsrail), Moskva, Sankt-Peterburq, Həştərxan, Yekaterinburq, Kazan, Krasnoyarks, Mineralnıye Vodı, Nijni Novqorod, Novosibirsk, Perm və Rostov-Don (Rusiya), Minsk (Belarus), Kiyev (Ukrayna), Aktau (Qazaxıstan), Tbilisi (Gürcüstan) və Bişkekdə (Qırğızıstan) də ofisləri var.
“Azərbaycan Hava Yolları” QSC ilk Avropa Oyunlarının rəsmi sponsorudur.