AZƏRBAYCANA GƏLƏN TURİSTLƏRİN SAYINDA 10-13 FAİZ ARTIM VARDIR
AzerTAg.az
Bakı, 30 avqust (AZƏRTAC). Son iki ildə ən çox dəstəklənən turizm istiqamətlərindən biri də kənd yaşıl turizmidir. Azərbaycanda bu sahədə xeyli potensial imkanlar vardır.
Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev AZƏRTAC-a bildirmişdir ki, bu istiqamətdə bəzi QHT-lərlə birlikdə bir sıra layihələr həyata keçirilir. Rayonlarda bunun üçün evlər seçilib icarəsi təşkil olunur. İndiyədək Quba, Qusar, Xaçmaz və Masallı rayonlarında belə layihələr həyata keçirilmişdir.
A.İsmiyev demişdir ki, icarəyə verilən evin yanında onun sahibinin məskunlaşması da təmin olunur. Ümumilikdə bu sahənin inkişafı cari ildə turistlərin Azərbaycana cəlb olunmasında xeyli rol oynamışdır.
Bu il Azərbaycana gələn turistlərin sayında da nəzərəçarpacaq artım vardır. Konkret rəqəmlər ilin sonunda bəlli olacaqdır. Amma indidən deyə bilərik ki, ölkəyə gələn turistlərin sayında təxminən 10-13 faiz artım gözlənilir.
A.İsmiyev onu da bildirmişdir ki, Bakıda üçulduzlu mehmanxanaların azlığı hiss olunur. Əslində turizm potensialının inkişafında belə mehmanxanaların daha çox olması vacibdir. Çünki turistlər arasında əsasən orta təminatlı insanlar çoxluq təşkil edir. Bu baxımdan gələcək planlarımızda üçulduzlu mehmanxanaların sayının artırılması nəzərdə tutulur.
Xəbərin mətnində orfoqrafik səhv var