İDMAN
AZƏRBAYCANDA 2016-CI İLDƏ YAY OLİMPİYA OYUNLARINI KEÇİRMƏK ÜÇÜN BÜTÜN İMKANLAR VARDIR
Dövlət başçısı demişdir: “2006-cı il, eyni zamanda, ona görə yadda qalacaq ki, Azərbaycan bizim üçün çox yeni, bəlkə də, bəzilərini təəccübləndirən təşəbbüslə çıxış etmişdir: 2016-cı ildə Yay Olimpiya oyunları Azərbaycanda keçirilsin. Biz bu təşəbbüsü irəli sürəndə, əlbəttə ki, imkanlarımızı qiymətləndirmişdik. Mən hesab edirəm ki, Azərbaycan olimpiya oyunları keçirmək üçün bütün imkanlara malikdir”.
Respublikamızda olimpiya hərəkatına və idmanın inkişafına çox böyük diqqət göstərilməsi, Azərbaycanın artıq dünyada idman ölkəsi kimi tanınması müstəqil dövlətimizin qüdrətini, imkanlarını, potensialını göstərir - fikrini önə çəkən İlham Əliyev vurğulamışdır ki, əgər bu böyük şərəf Azərbaycana verilərsə, biz Olimpiya oyunlarını ən yüksək səviyyədə keçirəcəyik. Biz buna hazırıq. Ölkəmizin imkanları artır, iqtisadi potensial artır, beynəlxalq mövqelər möhkəmlənir, Azərbaycan regional çərçivədə lider dövlətdir və bizim gələcəyimiz də çox parlaq olacaqdır.
Prezidentin dediyinə görə, əgər 2016-cı ildə bu oyunların keçirilməsi başqa ölkəyə, başqa şəhərə həvalə olunarsa, ondan sonra 2020-ci il gəlir. Mən şübhə etmirəm ki, bizim belə təşəbbüsümüz və bu işə sədaqətimiz uğura gətirib çıxaracaqdır.