İQTİSADİYYAT
AZƏRBAYCANDA DA SƏNAYE ŞƏHƏRCİYİ YARADILACAQDIR
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, sənaye şəhərciyinin yaradılması məsələsi ATƏT-in Bakı ofisi və BMT-nin Sənaye İnkişafı Təşkilatının himayədarlığı ilə keçirilmiş seminarda əcnəbi ekspertlərin iştirakı ilə geniş müzakirə olunmuşdur. Seminarda qeyd edilmişdir ki, texnoloji biznes-inkubatorun sənaye şəhərciyinin ərazisində yaradılması daha məqsədəuyğundur. Çünki bu, şəhərcikdə infrastruktur obyektlərinin bir-birini tamamlamasına şərait yaradır.
Ölkəmizdə belə obyektin yaradılması prosesinə beynəlxalq maliyyə təşkilatının cəlb edilməsi üçün BMT-nin Sənaye İnkişafı Təşkilatının ekspertləri ilə birgə xüsusi layihənin həyata keçirilməsinə başlamışdır. Artıq sənaye şəhərciyi üçün müvafiq ərazi seçilmişdir. Ekspertlərin Bakıya növbəti səfərində layihə üzrə monitorinqlərin keçirilməsi, sənaye şəhərciyinin strukturunun müəyyənləşdirilməsi və sahibkarların maarifləndirilməsi məsələləri müzakirə olunacaqdır.