İDMAN
AZƏRBAYCANDA GƏNCLƏRİN HƏRTƏRƏFLİ İNKİŞAFI ÜÇÜN LAZIMİ ŞƏRAİT VARDIR
AZƏRTAC xəbər verir ki, avqustun 13-də Beynəlxalq Gənclər günü münasibətilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinın (BŞGİBİ) təşəbbüsü ilə Milli Parkda yerləşən “Sinema klub”da tədbir keçirilmişdir.
Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, BŞGİBİ- nin rəisi Raqif Abbasov və başqaları çıxış edərək, gəncləri əlamətdar gün münasibətilə təbrik etmişlər.
Natiqlər bildirmişlər ki, BMT Baş Məclisinin qərarı ilə hər il qeyd edilən Beynəlxalq Gənclər günü gənclərin potensialını qiymətləndirmək, onların nailiyyətlərini təbliğ etmək və öz yaşıdları arasında dəyişikliklər naminə fəal hərəkata cəlb etməyin münasib yollarını axtarmaq baxımından olduqca əlverişlidır.
Tədbirdə Prezident İlham Əliyevin ölkə gənclərinin hərtərəfli inkişafı ilə bağlı imzaladığı sərəncam və dövlət proqramlarının əhəmiyyətindən söz açılmış, “Gənclər ili” çərçivəsində keçirilən silsilə tədbirlərdən danışılmışdır.
Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının 150-dən çox üzvünün qatıldığı mərasimdə gənc ifaçılar geniş konsert proqramı ilə çıxış etmişlər.