SİYASƏT
AZƏRBAYCANDA GƏNCLƏRİN PROBLEMLƏRİNƏ XÜSUSİ DİQQƏT YETİRİLİR
AZƏRTAC xəbər verir ki, Bakıda səfərdə olan Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyinin dövlət gənclər siyasəti, uşaqların tərbiyəsi və sosial müdafiəsi üzrə departamentin direktoru Sergey Aratenko və onu müşayiət edən nümayəndə heyəti fevralın 3-də Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə ilə görüşmüşdür.
Arif Rəhimzadə qonaqları səmimi salamladıqdan sonra demişdir ki, bu gün Azərbaycan əhalisinin təxminən 65 faizini uşaq və gənclər təşkil edir. Onlara qayğı dövlətimizin daimi diqqət mərkəzindədir. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə hər il fevral ayının 2-si ölkəmizdə Gənclər günü kimi qeyd olunur. Gənclərlə bağlı dövlət siyasəti bu gün də uğurla davam etdirilir.
Sonra A.Rəhimzadə Gənclər gününü qeyd olunmasının əhəmiyyəti, yaradılmış qanunvericilik bazası, torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğalı və qonşu dövlətdən azərbaycanlıların deportasiyası nəticəsində yaranmış problemlər barədə ətraflı məlumat vermişdir.
Sergey Aratenko demişdir ki, Azərbaycana səfərdən məqsəd Gənclər günü ilə bağlı tədbirlərdə iştirak etmək, bu səhədəki problemlərin həllində əməkdaşlıq yollarını aramaqdır. SSRİ dağıldıqdan sonra bu sahədə də ciddi problemlər yaranmışdır. Bu problemləri isə yalnız qarşılıqlı təcrübəni öyrənməklə həll etmək olar. İstəyirik Azərbaycanın təcrübəsi və qanunvericilik bazası ilə yaxından tanış olaq.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlət ətrafında fikir mübadiləsi aparılmışdır.