İDMAN
AZƏRBAYCANDA GİMNASTİKANIN İNKİŞAFI ÜÇÜN GÖZƏL ŞƏRAİT YARADILMIŞDIR
Mətbuat konfransında jurnalistlərə aprelin 23-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində başlanacaq Dünya kubokunun mərhələ yarışı barədə məlumat da verildi. Yarışda 23 ölkədən 50-dək idmançı iştirak edəcəkdir. Yayın əvvəllərində Kiyevdə keçiriləcək Avropa çempionatına xüsusi proqram üzrə hazırlaşan Ukrayna gimnastları Bakıya gəlməyəcəklər. Təşkilat komitəsi yarışlarda Çin idmançılarının da iştirak etməyəcəyi barədə məlumat almışdır. Yarışlara 30 hakim, o cümlədən Beynəlxalq Gimnastika Federasiyasının ekspertləri hakimlik edəcəklər.
Xatırladaq ki, ötən il Bakıda bu cür yarışda 17 ölkədən 38 gimnast mübarizə aparmışdı. İndiki yarışda Azərbaycanı 5 gimnast – olimpiya lisenziyası qazanmış Dinara Gimatova (“A” qrupu), Anna Qurbanova (“B” qrupu), habelə Vəfa Hüseynova, Dina Qorina və Valeriya Yeqay təmsil edəcəklər. Son üç gimnast müsabiqədənkənar çıxış edəcəklər.
Aprelin 23-24-də dünya gimnastikasının ulduzları – Alina Kabayeva və İrina Çaşina (Rusiya), Elizabet Paysiyeva (Bolqarıstan), Aliyə Yusupova (Qazaxıstan), Cenifer Kolino (İspaniya) və Dinara Gimatova 4 növdə yarışacaqlar.
Yarışları yerli və xarici KİV-lərin, televiziya və radio şirkətlərinin 150-dək nümayəndəsi işıqlandıracaqdır.