SİYASƏT
AZƏRBAYCANDA İNFORMASİYA MƏSƏLƏLƏRİ ÜZRƏ MÜVƏKKİL İNSTİTUTU YARADILACAQDIR
AZƏRTAC xəbər verir ki, Azərbaycanda İnformasiya məsələləri üzrə müvəkkil institutu yaradılacaqdır. Ədliyyə Nazirliyindən bildirmişlər ki, bu qurum “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun icrasına nəzarət etmək məqsədi ilə təsis olunacaqdır.
Müvəkkil Milli Məclisdə 3 namizəd arasından seçiləcək və hər cari ildən sonra ən geci üç ay ərzində Milli Məclisə hesabat təqdim edəcəkdir. Hesabatda il ərzində görülmüş işlərin ümumiləşdirilmiş xülasəsi, o cümlədən hüquq pozuntuları törətmiş informasiya sahiblərinə, ərizə və şikayətlərə, göstərişlərə, xidməti nəzarət qaydasında aparılmış işlərə, görülmüş tədbirlərə, qanunun tətbiqi ilə bağlı digər hallara dair məlumatlar, habelə müvəkkilin rəy və təklifləri öz əksini tapacaqdır.