ELM VƏ TƏHSİL
AZƏRBAYCANDA İNTERNETƏ NAQİLSİZ İCTİMAİ QOŞULMA ÜZRƏ YENİ LAYİHƏ HƏYATA KEÇİRİLƏCƏKDİR
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iyunun 22-də Bakı Biznes Mərkəzində Azərbaycanda ilk dəfə olaraq İnternetə naqilsiz ictimai qoşulma zonası (WIFI Hot Spot) layihəsinin təqdimat mərasimi keçiriləcəkdir.
İqtisadi İnkişaf, Rabitə və İnformasiya Texnologiyaları, Təhsil nazirliklərinin dəstəyi və ABŞ-ın informasiya texnologiyaları üzrə aparıcı müəssisələrindən olan İntel Korporasiyasının və Azərbaycanın həmin sahədə tanınmış ULTRA şirkətinin birgə səyləri nəticəsində həyata keçirilən bu layihə sayəsində artıq İnternetə naqilsiz ictimai qoşulma zonasının əhatə dairəsində İntel Centrino bazalı Noutbuka (300 m. radius) sahib olan istənilən şəxs 802.11b texnologiyası vasitəsilə İnternetə kabelsiz giriş əldə edə biləcəkdir.
Layihənin təqdimat mərasimində İntel Korporasiyasının MDB üzrə prezidenti İan Dryu və bu qurumun Qazaxıstan, Orta Asiya və Qafqaz üzrə regional direktoru Kiril Tokarev və digər mütəxəssislər iştirak edəcəklər.