İQTİSADİYYAT
AZƏRBAYCANDA QAZ HASİLATININ ARTIRILMASI ÜÇÜN İMKANLAR GENİŞDİR
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) AZƏRTAC-a bildirmişlər ki, ölkədə qaz hasilatının artırılmasına dair proqramda “Bahar”, “8 Mart” və “Bulla-dəniz” qaz-kondensat yataqlarında yeni quyuların qazılması və mövcud infrastrukturdan istifadə etməklə hasilatın artırılması nəzərdə tutulmuşdur.
Bu yataqların da qaz potensialı olduqca yüksəkdir. Son hesablamalara görə “Bulla-dəniz” yatağının qaz ehtiyatları təqribən 18 milyard kubmetr, “8 Mart” və “Bahar” yataqlarının ehtiyatları isə müvafiq olaraq 10,5 milyard və 2 milyard kubmetrdir. Mövcud kommunikasiyaların texniki vəziyyəti və imkanları əlavə xeyli qaz hasilatına və təhvilinə şərait yaradır. Buna görə də həmin yataqlarda yeni qaz quyularının qazılması səmərəli hesab olunur.
Bununla belə, qazılacaq quyular çox dərin olduğu üçün müasir texnika və texnologiyalardan, qabaqcıl təcrübədən istifadə etmək, həmçinin xarici şirkətlərlə səmərəli əməkdaşlıq əlaqələri qurmaq nəzərdə tutulmuşdur.
Cari ildə “8 Mart” və “Bahar” yataqlarında hər birinin gündəlik orta qaz hasilatı 350 min kubmetr olan iki quyunun qazılması proqnozlaşdırılır.
“Bulla-dəniz” yatağında qazılması nəzərdə tutulan iki quyunun hər birinin məhsuldarlığı isə daha yüksək - gündə 1 milyon 500 min kubmetr olacaqdır. Beləliklə də, proqramın reallaşması “Azneft” İstehsalat Birliyi üzrə qaz hasilatının 9 milyard kubmetrə çatdırılmasına imkan verəcəkdir.
Nəzərdə tutulan tədbirlərin reallaşdırılmasına qarşıdakı iki ildə 350-400 milyon manat vəsait sərf olunacaqdır.