REGİONLAR
AZƏRBAYCANDA “QUŞ QRİPİ” İLƏ BAĞLI NÖVBƏTİ MONİTORİNQ BAŞLAMIŞDIR
Bakı, 12 yanvar (AZƏRTAC). Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən (DBX) bildirmişlər ki, yanvarın 12-də “quş qripi” ilə bağlı ölkəmizdə növbəti monitorinq başlamışdır.
Abşeron yarımadasında, Dəvəçi, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında aparılacaq monitorinqdə Ekologiya və Təbii Sərvətlər, Səhiyyə nazirliklərinin, Ovçular Cəmiyyətinin mütəxəssisləri və əməkdaşları da iştirak edirlər.
Götürülmüş qan nümunələri və patoloji materiallar Respublika Baytarlıq Laboratoriyasında müayinə edildikdən sonra nəticələr yanvarın 23-də ictimaiyyətə açıqlanacaqdır.
DBX əhalinin nəzərinə çatdırır ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev quşları qapalı şəraitdə saxlanmalıdır. Köçəri və çöl quşlarının ovlanması, satılması, onlardan qida məhsulu kimi istifadə olunmasına qoyulan qadağa qüvvədədir.
Ölkədə “quş qripi” ilə bağlı epizootik vəziyyət sabitdir. Əlaqədar qurumlarla birgə lazımi tədbirlər həyata keçirilir.