REGİONLAR
AZƏRBAYCANDA “QUŞ QRİPİ” OLMASA DA ÖLKƏ ƏRAZİSİNDƏ CİDDİ TƏDBİRLƏR HƏYATA KEÇİRİLİR
Ölkədə keçirilən monitorinqin nəticələri respublika ərazisində “quş qripi”nun olmadığını sübut edir.
AZƏRTAC xəbər verir ki, buna baxmayaraq, təhlükənin olduğunu nəzərə alan Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyi Səhiyyə Nazirliyi ilə birlikdə “quş qripi”nə dair müvafiq tədbirlər planı hazırlamışdır. Planda Azərbaycanda “quş qripi” aşkarlanacağı halda görülməsi vacib olan tədbirlər əksini tapmışdır. Qonşu ölkələrdə - Türkiyə və İranda “quş qripi”nin aşkarlanması ilə əlaqədar hər iki qurum Azərbaycanda bu xəstəliklə bağlı yarana biləcək vəziyyətə hazır olduqlarını bildirmişlər.
Xatırladaq ki, “Quş qripi” təhlükəsinin öyrənilməsi məqsədi ilə yanvarın 21-dən başlayan monitorinq Lənkəran ərazisindəki Qızılağac Dövlət Qoruğunda başa çatmışdır. Sahil zolağı buz bağladığı üçün Dövlət Baytarlıq Xidmətinin monitorinq qrupu dənizdə müşahidə aparmışdır. Quş cəsədinə təsadüf edilmədiyindən 8 çöl quşu vurulmuş, onlardan götürülən patoloji material müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilmişdir. Müayinənin nəticələri fevralın 1-də açıqlanacaqdır.
“Quş qripi” xəstəliyinin qeydə alındığı qonşu ölkələrdən bizim qoruqlara köçəri quşların gəlmə ehtimalı olduğundan Lənkəran rayon baytarlıq xidməti gücləndirilmiş iş rejiminə keçmişdir. Lənkəran rayon baytarlıq idarəsinin rəisi Kamal Abidinovun verdiyi məlumata görə, əhali arasında maarifləndirmə işi aparılır.
Dövlət Baytarlıq Xidməti yanvarın 18-dən Türkiyə və İrandan quş və quş əti məhsullarının gətirilməsinə məhdudiyyət tətbiq etmişdir. Bununla bağlı sərhəd nəzarət buraxılış məntəqələrində baytar karantin xidmətləri gücləndirilmiş iş rejiminə keçmişlər. Ölkəyə gətirilən bütün mallar ciddi yoxlanılır.