MƏDƏNİYYƏT
AZƏRBAYCANDA RUSİYA FEDERASİYASI MƏDƏNİYYƏTİ GÜNLƏRİ
QARŞILIQLI MƏDƏNİ ƏLAQƏLƏR XALQLARIN YAXINLAŞMASINDA MÜHÜM VASİTƏDİR
Film müasir mövzuya həsr olunmuşdur. Çeçenistandan oğlu Moskvaya anasına zəng edir ki, yaxşıyam, məni axtarma, bu yaxınlarda gələcəyəm. 40 yaşlı qadın həssas ana qəlbi ilə hiss edir ki, oğlunun həyatı təhlükədədir. Onu axtarmaq üçün Çeçenistana yola düşür. Axtarışa haradan və nədən başlamağı bilməyən ana bu yolda müxtəlif adamlarla - narkomanlarla rastlaşır. Məhz filmdəki hadisələr də bu süjet xətti ətrafında cərəyan edir. Ana oğlunu bir çeçen qadının evində tapır. Məlum olur ki, yaralı rus əsgərini əsirlikdən xilas edib, evində sığınacaq verən çeçen ana öz doğma oğlunu “ağ ölümün” girdabından qurtara bilmir.
Filmi tamaşaçılar maraqla qarşılamışlar.
X X X
Beynəlxalq Teatr Agentliyi “Art–Partnyor XXI” mədəniyyət günləri çərçivəsində özünün ikinci tamaşasını – “Nəfs” (İskuşeniye) komediyasını Səməd Vurğun adına Rus Dram Teatrında bakılı sənətsevərlərə təqdim etmişdir.
Rejissor Valeri Əhədovun tanınmış italyan dramaturqu Aldo Nikolainin “Nəfs” pyesi əsasında quruluş verdiyi ikihissəli komediyada hadisələr klassik məhəbbət “üçbucağ”ı ətrafında cərəyan edir.
Üç kişinin “məhəbbət toru”na düşən gənc, cazibədar qadın onlardan hansının saf məhəbbətlə sevdiyini ayırd edə bilmir. Bu əzablı məhəbbət “üçbucağın”da kimə üstünlük verməli? Hadisələrin sırf komik inkişafında kimin artıq olduğu tamaşanın axırında ağlagəlməz variantda həll edilir.
Tamaşada baş rolları Rusiyanın xalq artistləri Lyubov Polişşuk, Boris Şerbakov, əməkdar artist, dövlət mükafatı laureatı Sergey Bezrukov ifa edirdilər.
X X X
Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsindəki mədəniyyət evində Moskvanın “Relikt” vokal triosunun və Sankt-Peterburqun “Diskomafiya” gənc estrada qrupunun konserti olmuşdur.
Zəngin repertuara malik “Relikt” triosunun konserti uğurla keçmişdir. Bundan əvvəl kollektivin Qaradağ rayon mədəniyyət sarayındakı, eləcə də sonrakı gün Suraxanı rayonunun sakinləri qarşısındakı çıxışları da anşlaqla qarşılanmışdır. Rusiyanın tanınmış klassik estrada müğənnisi Aleksandr F.Sklyarın mahnıları tamaşaçılarda xoş ovqat yaratmışdır.
Konsertlərdə müasir və klassik rus xalq mahnıları, estrada musiqisi, qədim romanslar səslənmişdir.
X X X
“Kreml baleti” Teatrının Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında göstərdiyi “Napoleon Bonapart” baletini tamaşaçılar maraqla qarşılamışlar.
Rusiyanın istedadlı xoreoqrafı və quruluşçu rejissoru Andrey Petrov məşhur sərkərdə haqqında librettonun üzərində işlərkən Napoleon Bonapartın həyatı ilə bağlı yazılmış əsərləri dəfələrlə vərəqləmiş, onun cəsarəti, qəribəliyi, sərkərdə kimi qələbələrinə və süqutuna aid faktları dərindən mənimsəmiş, təhlil etmişdir. Yalnız bundan sonra böyük sərkərdə haqqında balet-tamaşa hazırlamağa qərar vermişdir.
Tamaşanın bəstəkarı rus milli musiqi mədəniyyətinin patriarxı Tixon Xrennikov, quruluşçu rəssamı Stanislav Benediktovdur.
Baş rolları beynəlxalq müsabiqə laureatı Roman Artyuşkin, Rusiya Federasiyasının əməkdar artisti Vadim Kremenski, Aydar Şaydulin, əməkdar artist Janna Boqoroditskaya, Roman Martişkin və başqaları ifa etmişlər.