İQTİSADİYYAT
AZƏRBAYCANDA ŞÜŞƏ QABLAR İSTEHSALI ÜÇÜN KİFAYƏT QƏDƏR XAMMAL VARDIR
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mineral Xammal Elmi Tədqiqat İnstitutundan AZƏRTAC-a bildirmişlər ki, şüşə qablar üçün Azərbaycanda böyük ehtiyata malik xammal yataqları vardır. Onlardan biri Bakının yaxınlığında Səngəçaldakı Acıvəli yatağıdır. Onun ehtiyatlarından səmərəli istifadə olunsa, respublikanın şüşə və şüşə qablar, çini, saxsı və kaşı qablar, habelə metaltökmə sənayesi ən azı 50 il müddətinə kvars qumu ilə təmin edilə bilər.
Bu yataq Səngəçal dəmiryolu stansiyası, Acıvəli və Umbakı yaşayış məntəqələri yaxınlığında yerləşir. Yeganə problem qumun saflaşdırılması ilə bağlıdır. Bu proses çətin deyil və çoxlu vəsait də tələb etmir. Mütəxəssislərin fikrincə, dünyada saflaşdırma prosesi tətbiq edilməyən kvars qum yataqlarını barmaqla saymaq olar.