MƏDƏNİYYƏT
AZƏRBAYCANDA TURİZMİN İNKİŞAFI İSTİQAMƏTİNDƏ MÜHÜM ADDIMLAR ATILIR
Bakı, 15 iyul (AZƏRTAC). Ölkəmizin turizm sektoru ildən- ilə inkişaf edir.
Mədəniyyət və Turizm Nazirliyinin apardığı araşdırmalarına və statistikaya görə isə ölkəmizə gələn turistlərin sayı Azərbaycandan xaricə dincəlmək üçün gedənlərin sayından azdır.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, ötən il ölkəyə gələn 1 milyon 830 min xarici vətəndaşdan 1 milyon 430 mini turist olmuşdur. Maraqlıdır ki, 2009-cu ildə Azərbaycandan xaricə 2 milyon 300 min nəfər getmişdir. Onların əksəriyyətinin turist olduğu bildirilir.
Bütün bunları nəzərə alan Mədəniyyət və Turizm Nazirliyi xaricə turist axınının qarşısını almaq üçün cari ildə turizm mərkəzlərində qiymətlərin aşağı salınması ilə bağlı göstərişlər vermişdir. Bu tədbirlərin nəticəsi ilin sonunda təqdim ediləcək statistik məlumatlarda öz əksini tapacaqdır.
Hazırda Azərbaycanda turistlər üçün nəzərdə tutulmuş yataq yerlərinin sayı 30 mindən çoxdur. Mədəniyyət və Turizm Nazirliyinin nəzdində 137 turizm şirkəti, 57 mehmanxana və 48 restoran fəaliyyət göstərir.