MƏDƏNİYYƏT
AZƏRBAYCANDA UKRAYNA MƏDƏNİYYƏTİ GÜNLƏRİ
Mayın 24-də Azərbaycanda Ukrayna mədəniyyəti günləri çərçivəsində respublika Mədəniyyət Nazirliyində və Ukraynanın Bakıdakı səfirliyində Ukrayna nümayəndə heyətinin şərəfinə qəbullar təşkil edilmişdir.
Həmin gün Bədii sərgi salonunda “Ukrayna:insanlar, hadisələr, zaman” fotosərgisi açılmışdır.
Sərgidə tanınmış foto ustası, “Svet i ten” nəşriyyatının prezidenti Vasili Pilipyukun işləri nümayiş etdirilir. O, maarifçi və mesenat kimi də tanınır. Lvov şəhəri və vilayətinin bir neçə təhsil müəssisəsində tələbələrə onun adına təqaüd verilir. V.Pilipyuk Ukrayna Kitab Nəşri Akademiyasında özünün foto sənəti məktəbini yaratmışdır. Onun işləri Rusiyada, Polşada, Kanadada, ABŞ-da, Türkiyədə, Yuqoslaviyada, Fransada, Avstriyada, Mərakeşdə nümayiş etdirilmişdir.
Həmin gün axşam Ukrayna incəsənət ustaları Qaradağ rayonu sakinlərinin qonağı olmuşlar.
Tədbirlərdə Ukraynanın və Azərbaycanın mədəniyyət nazirləri Yuri Boqutski və Polad Bülbüloğlu, Ukraynanın Bakıdakı səfiri Boris Aleksenko, Azərbaycanın Kiyevdəki səfiri Tələt Əliyev iştirak etmişlər.