CƏMİYYƏT
AZƏRBAYCANDA ÜMUMDÜNYA SU-BATAQLIQ GÜNÜ QEYD OLUNMUŞDUR
Hər il fevralın 2-də keçirilən Ümumdünya Su-Bataqlıq günü Azərbaycanda da qeyd olunmuşdur. Bununla əlaqədar, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan milli parkında alimlərin, ictimai və beynəlxalq təşkilatların nümayəndələrinin, nazirliyin əməkdaşlarının iştirakı ilə seminar-müşavirə keçirmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, seminarda mütəxəssislərin Azərbaycanın su-bataqlıq ərazilərinin potensialı barədə fikirləri dinlənilmiş, bu misilsiz təbii obyektlərin mühafizəsində dövlətin və ictimai təşkilatların vəzifələri müzakirə olunmuşdur. Seminar iştirakçıları ərazisi 17 924 hektar olan və Beynəlxalq Ramsar su-bataqlıq əraziləri siyahısına daxil edilmiş Ağgöl milli parkının yaradılmasında, Abşeron Dövlət təbiət yasaqlığı bazasında Abşeron milli parkının təşkilində nazirliyin rolunu yüksək qiymətləndirmişlər.
Tədbirdə “Ekomədəniyyət” ictimai birliyinin keçirdiyi gənc rəssamların “Su-bataqlıq ərazilərin problemləri uşaqların gözü ilə” mövzusunda müsabiqəsinə yekun vurulmuşdur. Bakıdakı 132 nömrəli məktəbin 7-ci sinif şagirdi Tural Mehbalıyev müsabiqənin qalibi elan olunmuşdur.
Xatırladaq ki, Ümumdünya Su-Bataqlıq günü 1996-cı ilin oktyabrında Ramsar Konvensiyası daimi komitəsinin 19-cu iclasında rəsmən təsis edilmişdir. Su quşlarının kütləvi surətdə artdığı və mövsümdən-mövsümə toplaşdığı beynəlxalq əhəmiyyətli su-bataqlıq əraziləri haqqında Konvensiya 1971-ci il fevralın 2-də İranın Ramsar şəhərində imzalanmışdır.