SİYASƏT
AZƏRBAYCANIN ƏN QİYMƏTLİ SƏRVƏTİ ONUN YENİLİK RUHU İLƏ YAŞAYAN İNSANLARIDIR
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, qonaqları salamlayan Heydər Babayev Böyük Britaniyanın nüfuzlu şəxslərinin Azərbaycana gəlişini ölkəmizin dünya miqyasında nüfuzunun artdığını sübut edən amil kimi qiymətləndirmişdir.
Azərbaycanın dövlət və özəl şirkətləri ilə əməkdaşlığın, kiçik və orta sahibkarlığın inkişafına səy göstərmək niyyətini bildirən Lord Rendall respublikamızın qiymətli kağızlar bazarındakı yeniliklər ilə maraqlanmışdır.
Azərbaycanın qiymətli kağızlar bazarı haqqında geniş məlumat verən QKDK-in sədri bildirmişdir ki, bu bazarda başlıca göstərici sabitlikdir. Ölkəmizdə qısa müddətdə müasir infrastruktur və möhkəm qanunvericilik bazası əsasında sivil qiymətli kağızlar bazarı formalaşdırılmışdır. Bu həm də gələcək sabit inkişafın təminatıdır. İnkişafda olan bir sıra ölkələrdən fərqli olaraq, Azərbaycan qiymətli kağızlar bazarında əvvəl infrastruktur və hüquqi baza yaradılmış, sonra ticarət başlanmışdır. Məhz bu amil bazarın sabitliyini təmin etmişdir.
Həmçinin, Komitə sədri xüsusi qeyd etmişdir ki, bazarın tənzimlənmə mexanizmləri və infrastrukturu başqa ölkələrdən fərqli olaraq Azərbaycanda xarici təşkilatların yardımı olmadan yaranmışdır. Hazırda bu bazarın durumu ölkə iqtisadiyyatının səviyyəsinə cavab verir və ortagəlirli bazarlar sırasına daxildir. Hər il, qısamüddətli Dövlət İstiqrazları istisna olmaqla, bazarın bütün seqmentləri üzrə ikiqat artım müşahidə olunur.
Söhbət zamanı Heydər Babayev bazarın önəmli xüsusiyyətinə qonaqların diqqətini cəlb etdi və bildirdi ki, başqa MDB ölkələrindən fərqli olaraq, Azərbaycanın qiymətli kağızlar bazarının Rusiyadakı proseslərə reaksiya göstərməməsindən ibarətdir. Həmin amil ölkəmizin iqtisadiyyatının müstəqil inkişafından və qonşu dövlətdən asılı olmamasından xəbər verir.
Bazarın normal inkişafı bir müddətdən sonra xarici sərmayədarları cəlb edəcəyini əminliklə proqnozlaşdırmağa zəmin yaradır. Artıq xarici sərmayədarlar bankların buraxdığı istiqrazlara böyük maraq göstərirlər. Bununla yanaşı, Komitənin həyata keçirdiyi dövlət siyasətinin əsas məqsədi yerli sərmayədarların formalaşmasına şərait yaratmaqdan ibarətdir. Məhz milli sərmayədarlar bu bazarın aparıcı qüvvəsini təşkil etməlidir.
Sonra Lord Rendall maraqlı və faydalı görüşə görə təşəkkür edərək Azərbaycanın iqtisadi potensialının xarici sərmayədarlarda güclü maraq doğurduğunu bildirdi. Qonaq xüsusi qeyd etdi ki, ölkəmizin ən qiymətli sərvəti burada yenilik ruhu ilə yaşayan insanlardır. Bu insanlar Azərbaycanı xoşbəxt gələcəyə qovuşduracaqlar.