RƏSMİ XRONİKA
AZƏRBAYCANIN AVROPA AİLƏSİNƏ SIX İNTEQRASİYASI ARDICIL SURƏTDƏ DAVAM ETDİRİLƏCƏKDİR
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN STRASBURQA SƏFƏRİ
PREZİDENT İLHAM ƏLİYEV AŞPA-NIN YAZ SESSİYASININ İCLASINDA ÇIXIŞ ETMİŞDİR
İclas salonuna gələn Prezident İlham Əliyevi AŞPA-nın rəhbərliyi və deputatlar alqışlarla qarşıladılar.
AŞPA-nın sədri PİTER ŞİDER iclası açaraq dedi:
- Mən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi böyük məmnuniyyətlə Assambleyamızda salamlayıram. Onunla birgə xarici işlər nazirini, Prezidenti müşayiət edən rəsmiləri salamlayırıq. Biz şadıq ki, burada, bizim Assambleyada iştirak edirsiniz. Xüsusi alqışlar Azərbaycan Respublikasının Prezidentinə, Assambleyanın sabiq üzvünə, sabiq sədr müavininə ünvanlanmışdır. Amma cənab Prezident, sadəcə olaraq, sabiq deyil, o, bizim bir sıra tədbirlərin və müzakirələrin fəal iştirakçısıdır. Cənab Prezident, burada olmağınızdan məmnunuq. Buraya gəldiyinizə görə Assambleya adından Sizə münnətdarlığımı bildirirəm. Deputatlara bildirim ki, çıxışdan sonra cənab Prezident sualları cavablandırmağa da razılıq vermişdir.
Cənab Əliyev, cənab Prezident, yüksək kürsü Sizindir.