SİYASƏT
AZƏRBAYCANIN BƏHREYNDƏKİ SƏFİRİ ETİMADNAMƏSİNİ KRALA TƏQDİM ETMİŞDİR
Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Elman Araslı bundan sonra həm də Bəhreyn Krallığında ölkəmizin diplomatik missiyasını yerinə yetirəcəkdir. Fevralın 18-də səfir öz etimadnaməsini Bəhreyn kralı Həmid bin İsa Əl Xəlifəyə təqdim etmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, Ər-Rifa sarayında keçirilən mərasimin sonunda Elman Araslı ilə kral Həmid arasında söhbət olmuşdur. Söhbət əsnasında səfir Azərbaycan Prezidenti Heydər Əliyevin səmimi salamlarını və xoş arzularını krala çatdırmış və respublikamızın Bəhreynlə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olduğunu vurğulamışdır.
Kral Azərbaycanın bu ölkəyə səfir təyin etməsindən razı qaldığını bildirmiş və iki dövlət arasında əlaqələrin inkişafı üçün geniş imkanlar olduğunu qeyd etmişdir. Bəhreyn kralı Azərbaycan Prezidentinin hərtərəfli əlaqələrin inkişafına dair təkliflərini alqışlamış və ölkəsinin bu istiqamətdə əməli addımlar atmağa hazır olduğunu bildirmişdir. O, Prezident Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan xalqına tərəqqi və əmin-amanlıq arzulamışdır.
Həmin gün səfir Elman Araslı krallığın baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd bin Mübarək Əl Xəlifə və parlamentin spikeri Xəlifə bin Əhməd Əl Zəhrani ilə görüşmüş, ölkəmiz üçün maraq doğuran bir sıra məsələləri müzakirə etmişdir.