RƏSMİ XRONİKA
AZƏRBAYCANIN BAŞ NAZİRİ İLHAM ƏLİYEV DÜNYA TAEKVONDO FEDERASİYASININ PREZİDENTİNİ QƏBUL ETMİŞDİR
Qonağı səmimiyyətlə salamlayan Baş nazir İlham Əliyev onun səfərinin ölkəmizdə taekvondo idman növünün inkişafına təkan verəcəyini söylədi. O, habelə Un Yonq Kimin dünyada idmanın inkişafındakı xidmətlərini yüksək qiymətləndirdi.
Səmimi qəbula görə təşəkkürünü bildirən qonaq, Azərbaycanda bir neçə il əvvəl olduğunu, bu illər ərzində ölkəmizin idman sahəsində böyük tərəqqi əldə etdiyini söylədi, xüsusilə taekvondo idman növünün inkişafını və daha çox populyarlıq qazandığını vurğuladı.
Cənab Un Yonq Kim taekvondonun inkişafına göstərilən diqqət və qayğıya görə Baş nazir İlham Əliyevə təşəkkürünü bildirdi.
Baş nazir İlham Əliyev xatırlatdı ki, ölkəmizdə taekvondo və boks idman növləri üzrə son illər böyük nailiyyətlər qazanılmışdır. Digər idman növləri də sürətlə inkişaf edir və artıq Azərbaycan idmançıları beynəlxalq turnirlərdə ölkəmizi layiqincə təmsil edirlər.
O, idmanın inkişafını, xüsusilə olimpiya oyunlarında qazanılmış uğurları Azərbaycanda iqtisadi-sosial sahədə əldə olunmuş tərəqqinin nəticəsi kimi dəyərləndirdi, idmançılara göstərilən qayğı və diqqətdən söhbət açaraq dedi ki, məhz bunun nəticəsində gənclər və yeniyetmələr idmana daha çox həvəs göstərirlər.
Dünya federasiyasının başçısı açılışında iştirak etdiyi idman sarayının ən yüksək dünya standartlarına cavab verdiyini vurğuladı, bu cür idman obyektinin istifadəyə verilməsinin Azərbaycanda idmana göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu söylədi.
Dünya Taekvondo Federasiyasının prezidenti, BOK-un vitse-prezidenti Azərbaycan idmanının, o cümlədən taekvondonun inkişafında xidmətlərinə görə Baş nazir İlham Əliyevə taekvondo üzrə 6-cı dan Qara kəmər və sertifikat, idman geyimi təqdim etdi.
Görüşdə Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov, gənclər, idman və turizm naziri Əbülfəz Qarayev iştirak edirdilər.