RƏSMİ XRONİKA
AZƏRBAYCANIN BAŞ NAZİRİ İLHAM ƏLİYEV LƏNKƏRANDA OLMUŞDUR
LERİK QƏSƏBƏSİNDƏKİ 1 NÖMRƏLİ ORTA MƏKTƏBİN MÜƏLLİMİ GÜLTƏKİN ŞIXƏLİYEVANIN ÇIXIŞI
Hörmətli mərasim iştirakçıları! Sizləri uzunömürlülər diyarı olan Lerik rayonunun sakinləri adından salamlayır, hamınıza Lerik uzunömürlülüyü arzulayıram.
Cənab Baş nazir, mən buraya gələrkən respublikanın ən yaşlı sakini - 133 yaşlı Qızıl nənə Sizə salamlarını çatdırmağı xahiş etdi və Ulu Tanrıdan onun qədər yaşamağınızı arzuladı.
Hörmətli Baş nazir, yola saldığımız XX əsrin son on ili Azərbaycan xalqının yaddaşına kəşməkəşli, mübarizələrlə dolu, həyəcanlı, eyni zamanda, fərəhli illər kimi daxil olmuşdur. Bu illər ərzində xalqımıza getdikcə daha çox aydın oldu ki, azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər mürəkkəb işdir. Möhtərəm cənab Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması Azərbaycan xalqını, yurdumuzu böyük bir fəlakətdən qurtardı. O, idarə oluna bilməyən və hər an böyük təhlükə qarşısında qalan xalqımızı xilas etdi. Xalqımızı, o cümlədən Azərbaycan gəncliyini arxasınca apara bilən siyasi rəhbər hakimiyyətə gəldi və dövləti milli, mənəvi parçalanmadan qurtardı. Ölkə iqtisadiyyatının inkişafı, xalqın güzəranının yaxşılaşdırılması, xarici siyasətdə əldə olunan uğurlar, Azərbaycanın dünya ölkələri arasında öz layiqli yerini tutması məhz Heydər Əliyev siyasətinin bəhrəsidir. Azərbaycan xalqı işıqlı gələcəyə doğru inamla addımlayır.
Ötən əsrin son 30 ili taleyimizə Heydər Əliyev dövrü kimi daxil olmaqla, çağdaş taiximizin ən parlaq səhifələrinə çevrilmişdir. Azərbaycanda siyasi rəqabət və insanların daxili potensialının reallaşması üçün geniş imkanlar yarandı. Bu gün artıq ölkəmizdə intellektli, geniş dünyagörüşünə və idarəetmə bacarığına malik, beynəlxalq siyasət səhnəsində öz sözünü deyə bilən siyasətçilər nəsli yetişmişdir.
Siyasi mühitdə öz yeri və orijinal dəst-xətti ilə seçilən möhtərəm Baş nazirimiz siyasətə böyük məktəb - Heydər Əliyev kimi nəhəng şəxsiyyətin və ustadın məktəbini keçib gəlmişdir. Bu gün Azərbaycanda Heydər Əliyev xəttinin layiqli davamçısı vardır.
O, yeni Azərbaycanı gələcəyə inamla aparacaqdır. Onun beynəlxalq təşkilatlarda etdiyi çıxışlar buna parlaq misaldır. Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilat Ermənistanı işğalçı dövlət kimi tanıdı. Bu, Heydər Əliyev siyasətinin nəticəsidir. Möhtərəm Prezidentimizin oktyabrın 2-də Azərbaycan xalqına müraciətini dinləyərkən xalqa bir daha aydın oldu ki, Azərbaycanın gələcəyi möhkəm əllərdədir.
Tərəqqiyə gedən yol elmdən keçir. Gündən-günə yeniləşən Azərbaycan gələcəyə Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı olan İlham Əliyevlə gedəcəkdir.
Möhtərəm cənab Baş nazir, Lerik camaatı artıq öz seçimini etmişdir. Onlar Heydər Əliyev siyasi xəttinə səs verəcəklər. Oktyabrın 15-də leriklilər hamılıqla seçki məntəqələrinə gələrək, ən layiqli namizədə səs verəcək və yeni əsrə yeni nəfəslə gedəcəklər.
Möhtərəm Baş nazir, Sizin müxalifət haqqında söylədiyiniz bir fikri leriklilər çox bəyəndilər. Siz demişdiniz ki, sıfırın yanına sıfır qoyanda yenə sıfıra bərabər olur. Biz əlavə etmək istərdik ki, bu sıfırların yanında bir vahid olanda o, milyonlara bərabərdir. Biz leriklilər Sizi milyonların lideri kimi qəbul edirik. Çıxışımı möhtərəm Prezidentimizin sözləri ilə bitirmək istəyirəm: “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” Azərbaycanın gənc nəsli ölkəmizi daha da yüksəklərə qaldıracaqdır.
Yaşasın mütsəqil Azərbaycan Respublikasının memarı, mətin iradəli, dünya siyasətində özünəməxsus yeri olan, qoca Şərqdə dan ulduzu kimi parlayan möhtərəm Prezidentimiz Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyev!
Yaşasın müstəqil Azərbaycan!