SİYASƏT


AZƏRBAYCANIN BİRİNCİ XANIMI MEHRİBAN ƏLİYEVAYA “QIZIL ÜRƏK” BEYNƏLXALQ MÜKAFATI TƏQDİM OLUNMUŞDUR

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya ali mükafat – “Qızıl ürək” beynəlxalq mükafatı təqdim olunmuşdur.

Moskvanın Stanislavski və Nemiroviç-Dançenko adına Musiqi Teatrında keçirilən mərasimi məşhur İtalya aktrisası, mərasimin patronessası Sofi Loren açmışdır. “Qızıl ürək” mükafatını – heykəlcik və “Beynəlxalq mükafatın laureatı” fəxri nişanını Mehriban xanım Əliyevaya Sofi Loren, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Sergey Mironov və Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi İqor İvanov təqdim etmişlər.

Azərbaycanın birinci xanımına mükafatı təqdim edən Sergey Mironov Mehriban Əliyevanın Heydər Əliyev Fondu çərçivəsində fəaliyyəti ilə yaxşı tanış olduğunu bildirərək vurğulamışdır ki, belə xeyirxah və qızıl ürəklər insanlara və dünyaya fəzilətlər bəxş edirlər.

Mehriban Əliyeva bildirmişdir ki, “Qızıl ürək” beynəlxalq mükafatının bütün laureatlarının xeyirxah işləri mərhəmətə, rəhmdilliyə, başqasının dərdinə şərik olmağa, ətrafdakıların və bizim köməyimizə ehtiyacı olanların ağrı-acısını duymağa və bölüşməyə çağırışdır. “Qızıl ürək” müxtəlif ölkələrdən olan insanları və müxtəlif peşə sahiblərini hərtərəfli və əbədi vahid xeyirxahlıq ideyası ətrafında birləşdirir. Mehriban Əliyeva demişdir: “Mən şəxsən arzu edirəm ki, bu mükafatın laureatlarının sayı ilbəil artsın, dünyada saf və xeyirxah əməllər daha çox olsun, dərd-qüssə isə, azacıq da olsa, əskilsin”.

Azərbaycanın birinci xanımına “Qızıl ürək” mükafatının təqdimatından əvvəl Heydər Əliyev Fondu haqqında sənədli film nümayiş etdirilmişdir. Filmdə Mehriban xanım Əliyevanın fəaliyyətindən, təhsil, mədəniyyət, səhiyyə sahəsində həyata keçirilən miqyaslı layihələrdən, habelə xəstə, yetim uşaqlara, aztəminatlı ailələrin uşaqlarına göstərilən yardımdan söhbət açılır.

Tədbirin təşkilatçısı, “Qızıl ürək” Xeyriyyə Fondu təşkilat komitəsinin rəhbəri, tibb elmləri doktoru Yakov Brand AZƏRTAC-ın müxbirinə demişdir ki, Mehriban Əliyeva bu ali mükafata layiqdir, çünki onun başçılıq etdiyi Fond, ilk növbədə, xəstə uşaqlara yardım sahəsində çox böyük işlər görür. Mehriban xanım Əliyevaya “Qızıl ürək” mükafatının verilməsi barədə qərar qəbul edilməzdən əvvəl Fondun fəaliyyəti ətraflı öyrənilmiş, diabet, talassemiya, vərəm ilə mübarizə proqramı çərçivəsində, habelə evsiz-eşiksiz və əlil uşaqlara yardım sahəsində görülən konkret işlər yüksək qiymətləndirilmişdir.

Mötəbər mükafatın təqdimat mərasimində Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təbrik məktubu oxunmuşdur.

Humanizm ideyalarına və bəşəriyyətin ideallarına xidmətə xüsusi töhfələrinə görə, görkəmli insanların mükafatlandırılması mərasimi hər il Rusiya Federasiyasının YUNESKO-nun İşləri üzrə Komissiyasının, Rusiya Hökumətinin, Rusiya Qırmızı Xaç Cəmiyyətinin, Federasiya Şurasının, “Qızıl ürək” Xeyriyyə Fondunun, İTAR-TASS İnformasiya Agentliyinin və bir sıra digər təşkilatların himayəsi ilə keçirilir. Bu il “Qızıl ürək” mükafatına yanğın zamanı uşaqları xilas etmiş 11 yaşlı Olqa Kozlova və Dmitri Filyuşin, 60-dan çox uşağı övladlığa götürmüş Sorokinlər ailəsi və ayrı-ayrı şəxslər layiq görülmüşlər.

Təntənəli gecədən və tanınmış Rusiya ulduzlarının iştirakı ilə böyük konsertdən yığılan vəsait “Həyat yolu” xeyriyyə proqramının ehtiyaclarına sərf olunacaqdır.

Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Heydər Əliyev Fondunun Moskvadakı nümayəndəsi Leyla Əliyeva, Moskva merinin müavini Lyudmila Şvetsova, Rusiya fövqəladə hallar naziri Sergey Şoyqu, Dövlət Dumasının deputatı İosif Kobzon, Rusiya siyasi elitasının, işgüzar dairələrinin görkəmli nümayəndələri, elm və mədəniyyət xadimləri iştirak etmişlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.