SİYASƏT


AZƏRBAYCANIN BİRİNCİ XANIMI MEHRİBAN ƏLİYEVA BATUMİDƏ QONİO APSAR TARİX-MEMARLIQ MUZEYİNDƏ OLMUŞDUR

Bakı, 19 iyul (AZƏRTAC). Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və Gürcüstan Prezidentinin xanımı Sandra Elizabet Rulofs iyulun 18-də Batumidə Qonio Apsar tarix-memarlıq muzeyində olmuşlar.

Batuminin qədim abidələrindən olan, tarixi eramızdan əvvəl VIII-VII əsrlərə aid edilən Qonio Apsar qalası ilə tanışlıq zamanı məlumat verildi ki, erkən orta əsrlərdə bura romalıların yaşadığı şəhər – qala rolunu oynayırdı. Ərazisi 5 hektara yaxın olan bu qala romalılar üçün strateji siyasi və mədəni mərkəz idi. Orta əsrlərdə isə bu qala bizanslıların, daha sonra isə Osmanlı imperiyasının tərkibinə daxil olmuşdur. XIV əsrdə burada Gürcü knyazlığı yaradılmışdır.

1994-cü ildən muzey kimi fəaliyyət göstərən bu ərazidə müxtəlif vaxtlarda alimlərin iştirakı ilə geniş arxeoloji qazıntılar aparılmışdır.

Mehriban xanımın diqqətinə çatdırıldı ki, muzeyin ən maraqlı yerlərindən biri burada mövcud olan saxsı su kəmərinin qalıqlarıdır.

Muzeydə müxtəlif dövrlərə aid pul sikkələri, qızıl və gümüşdən hazırlanan bəzək əşyaları, qədim yunan və Roma dövrlərinə aid keramika nümunələri saxlanılır.

######

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.