SİYASƏT


AZƏRBAYCANIN BU GÜNÜ VƏ GƏLƏCƏYİ HEYDƏR ƏLİYEVİN SİYASİ XƏTTİ İLƏ BAĞLIDIR

DANILMAZ HƏQİQƏTLƏRƏ GÖZ YUMULMASI,MÜXALİFƏT MƏTBUATININ ƏXLAQA ZİDD İFTİRALARI DÖVLƏT İQTİSAD UNİVERSİTETİNİN KOLLEKTİVİNİ DƏ HİDDƏTLƏNDİRMİŞDİR

İyulun 26-da Dövlət İqtisad Universiteti kollektivinin yığıncağı keçirilmişdir.

Universitetin rektoru, Milli Məclisin deputatı akademik Əli Abbasov yığıncağı giriş sözü ilə açaraq demişdir ki, müəllimlərimiz məzuniyyətdə olsa da, bizə müraciət edərək, dağıdıcı müxalifətin böhtan kampaniyasına gəti etirazlarını bildirmək üçün belə bir toplantının keçirilməsini tələb edirdilər. Kollektiv üzvlərinin qəzəbi tamamilə təbiidir. Çünki son vaxtlar Azərbaycan Prezidenti Heydər Əliyevin səhhəti ilə bağlı müxalifət mətbuatında böhtan kampaniyası genişlənmişdir. Prezidentin şərəf və ləyaqətini qorumaq hər birimizin borcudur. Bu vəzifə dövlətin Əsas Qanununda da təsbit edilmişdir. Təəssüf ki, dağıdıcı müxalifətin nəzarətində olan mətbuat vasitələrində - “Yeni Müsavat”, “Hürriyyət”, ”Müxalifət”, ”Azadlıq”, “Cümhuriyyət” qəzetlərində Prezidentin şərəf və ləyaqətini təhqir edən materiallar dərc olunur. Bu, qeyri-insani, qeyri-əxlaqi hərəkət cəmiyyətimizin bütün təbəqələrini narahat edir. Xalqımız yol verməz ki, onun ümumdünya səviyyəli təmsilçisi təhqir olunsun. Bütün xalqımız kimi, Dövlət İqtisad Universitetinin kollektivi də Prezidentin yeritdiyi siyasətə sadiqdir. Çünki Heydər Əliyevin siyasi xətti ölkəmizin tərəqqisinə yönəldilmişdir.

Yığıncaqda professorlar Hidayət Cəfərov, Maarifə Hacıyeva, Arif Şəkərəliyev, Tofiq Quliyev, YAP Qadınlar Şurasının sədri Təranə Kərimova, dosent Əvəz Bayramov, Cəlal Allahverdiyev, magistr Leyla Müzəffərova çıxış etmişlər.

Natiqlər vurğulamışlar ki, bəziləri ölkədə bərqərar olmuş demokratiyadan sui-istifadə edirlər. Son zamanlar müxalifət və onun nəzarətində olan kütləvi informasiya vasitələri Azərbaycan Respublikası Prezidentinin səhhəti ilə bağlı ictimaiyyəti çaşdıran məlumatlar yayırlar. Onlar elə düşünürlər ki, bununla prezident seçkilərini poza biləcəklər. Lakin xalqımız ayıqdır, ağı qaradan seçir. İndiki müxalifət liderlərinin hakimiyyətdə olduğu dövr yaddaşlardan silinməyibdir.

Hər bir insan, o cümlədən də on illər boyu istirahətsiz işləyən Prezident xəstələnə bilər. Xəstələnən adama şəfa arzulayarlar. Lakin müxalifət nümayəndələri, onlara dəm tutan xarici ölkə mətbuatı Azərbaycanı təmsil edən şəxsin - dövlət rəmzinin ləyaqətini təhqir edirlər. Onlar anlamalıdırlar ki, xalqımızın yazılmamış qanunu var: ağsaqqala hörmət edilməlidir.

Çıxışlarda vurğulanmışdır ki, Prezidentimiz mətbuata daim böyük qayğı göstərir. Bundan istifadə edib xalqı yolundan azdırmaq olmaz. Radikal müxalifətin, azğınlaşmış qələm sahiblərinin cəhdi əbəsdir, yel qayadan heç nə apara bilməz. Heydər Əliyev nəinki yüksək mədəniyyətin və əxlaqi dəyərlərin meyarıdır, o həm də onu təhqir etməkdən yorulmayan, usanmayan və utanmayanlara yüksək əxlaq nümunəsi göstərən müdrik şəxsiyyətdir. Xalqımız göz görə-görə haqqı danan, ağa qara deyən, mənəviyyatı, şüuru bizə yad olan ədalətsiz insanları bağışlamaz. Müxalifətin pozuculuq fəaliyyəti dövlətin və xalqın mənafeyindən uzaq düşmək kimi qiymətləndirilməlidir. Bu gün müxalifət düşərgəsində ölkənin tərəqqisinə, əhalinin rifahının yüksəlməsinə yönələn fəaliyyət müşahidə olunmur. Onlar xalqı populist çıxışları ilə çaşdırmağa çalışırlar. Müxalifətçilər eyni siyasətbazların simasında qocalırlar, onların sıralarında yeniləşmə, gəncləşmə meylləri və kadr dəyişikliyi yox dərəcəsindədir. İqtidar partiyası isə müdrikləşdikcə gəncləşir və yeniləşir.

Natiqlər əmin etmişlər ki, Dövlət İqtisad Universitetinin kollektivi xalqımızın milli lideri Heydər Əliyevin ətrafında sıx birləşmişdir, onun apardığı məqsədyönlü siyasəti bəyənir və dəstəkləyir, öz seçimlərini etmişdir: qarşıdan gələn prezident seçkilərində onların namizədi Heydər Əlirza oğlu Əliyevdir. Çünki onlar müstəqil Azərbaycan dövlətinin bu gününü və gələcəyini yalnız həmin dövlətin qurucusu və yaradıcısı olan Heydər Əliyev adı, onun dönmədən həyata keçirdiyi siyasi xətlə bağlayırlar.

Yığıncaq iştirakçıları əlaqədar dövlət orqanlarından şər-böhtan kampaniyasına qoşulmuş mətbuat vasitələrinə qarşı qanun çərçivəsində tədbir görməyi tələb etmişlər. Universitetin Elmi şurasına tapşırılmışdır ki, təxribatla məşğul olan, Prezidentin şərəf və ləyaqətini alçaldan kampaniyanın önündə gedən Rauf Arifoğlunu, “Yeni Müsavat” və “Hürriyyət” qəzetlərini kollektiv adından məhkəməyə versin.

Yığıncaqda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə və Milli Mətbuat Şurasına müraciətlər qəbul edilmişdir.

X X X

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ

ZATİ –ALİLƏRİ

CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli cənab Prezident!

Azərbaycanda demokratiyanın, söz azadlığının varlığından sui-istifadə edən müxtəlif qüvvələrin iqtidara, cənab Prezident, Sizə qarşı iftira- hədyanlarla müşayiət olunan çirkin fəaliyyəti hamıya yaxşı məlumdur. Son üç ayda isə bu qüvvələr adi insanlıq, ədəb və davranış normalarını pozaraq, nalayiq və hədyan bəyanatlarla Azərbaycan və dünya ictimaiyyətini çaşdırmağa can atırlar.

Çox təəssüf ki, çirkin və hüquqi baxımdan qəbuledilməz iftira kampaniyasına qardaş Türkiyənin bəzi kütləvi informasiya vasitələri, xüsusilə “Star” qəzeti və televiziya kanalı da qoşulmuşlar. “Star yayım qrupu”na aid qəzet və televiziya kanalı “Yeni Müsavat” və digər müxalifət qəzetləri ilə birgə iki qardaş ölkə arasındakı münasibətlərin pozulmasına şərait yaratmağa istiqamətlənmiş məqsədyönlü, rəzil kampaniya aparırlar.

Hörmətli cənab Prezident!

Həm yuxarıda adları çəkilən qüvvələr, həm də onların havadarları yaxşı bilirlər ki, Azərbaycan xalqı Sizi ürəkdən sevir, Sizin yenilməz iradəyə, hələ çox-çox illərə bəs edəcək coşğun enerjiyə, güc və qüvvətə malik olduğunuza dərin inam bəsləyir. Ona görə də qoy müxalifət və başqa qara qüvvələr də Sizin müvəqqəti, tezliklə keçəcək nasazlığınızdan sevinməsinlər.

Azərbaycanın bütün sağlam qüvvələri kimi, biz - Dövlət İqtisad Universitetinin çoxminli kollektivi də Sizin daxili və xarici siyasətinizi dəstəkləyir, bundan sonra da bütün fəaliyyətinizdə Sizə arxa və dayaq olacağımızı bəyan edirik.

Biz qəti əminik ki, oktyabrın 15-də keçiriləcək prezident seçkilərində Siz yenidən Prezident seçiləcək, şon illərdə başladığınız genişmiqyaslı strateji planları uğurla həyata keçirəcəksiniz. Bu yolda Azərbaycan iqtisadçılarının əsas qüvvəsini təşkil edən Azərbaycan Dövlət İqtisad Universitetinin kollektivi Sizə arxa və kömək olacaqdır.

Sizə uzun ömür, cansağlığı, Azərbaycanın gələcək firavanlığı naminə uğurlar diləyirik.

X X X

AZƏRBAYCAN RESPUBLİKASININ

MİLLİ MƏTBUAT ŞURASINA

Azərbaycan Dövlət İqtisad Universitetinin kollektivi ölkəmizdə milli dəyərlərin, söz və mətbuat azadlığının bərqərar olmasını, demokratiyanın inkişafını, söz və mətbuat azadlığını, yaradıcı əməyə dövlət qayğısını yüksək qiymətləndirir. Təəssüf ki, bəzi üzdəniraq siyasətbazların nəzarətində olan KİV-lər onlar üçün yaradılmış bu şəraitdən sui-istifadə edir, hər şeyə qara yaxaraq, ölkə ictimaiyyətinin diqqətini qlobal məsələlərin həllindən yayındırmağa cəhd göstərirlər.

Bu qarayaxma kampaniyası Azərbaycan Prezidenti möhtərəm Heydər Əliyevin Gülhanə Hərbi Tibb Akademiyasına müayinəyə getməsindən sonra daha da genişlənmişdir. Müxalifət mətbuatında dövlət başçısının səhhəti ilə bağlı yalan, etikaya, milli dəyərlərimizə zidd məlumatların dərc olunması bizi xüsusilə qəzəbləndirir. Bu çirkin kampaniyaya dağıdıcı müxalifətin və onların nəzarətində olan mətbuat vasitələrinin xaricdəki havadarları da cəlb edilmişdir. Biz ziyalılar bu hərəkətləri təkcə ölkəmiz daxilində xaos və anarxiya yaradılmasına cəhd kimi deyil, həm də dövlətlərarası münasibətlərə xələl gətirən əməl kimi qiymətləndiririk.

Görünür, müxalifət yazarları ölkəmizdə onların fəaliyyəti üçün əlverişli şəraiti məhz Heydər Əliyevin yaratdığını unutmuşlar. Çalışdıqları mətbuat vasitələrinin milyonlarla manat borcunun dondurulduğunu da yaddan çıxarıblar. Belə olmasaydı, onları Mətbuatın dostu seçilmiş Heydər Əliyevə hücuma, onun barəsində ağ yalan yazmağa nə vadar edir?

Biz ziyalılar ümid edirik ki, Milli Mətbuat Şurası da bunları görür, dərk edir və tezliklə bu nadanlar barəsində qanunla təsbit olunmuş səlahiyyətləri çərçivəsində tədbir görəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.