SİYASƏT
AZƏRBAYCANIN DAXİLİ İŞLƏR ORQANLARIYÜKSƏK TƏLƏBLƏR SƏVİYYƏSİNDƏ İŞLƏYƏCƏKDİR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov kollegiya iclasını açaraq, 2003-cü ilin on bir ayı ərzində görülən işlərin ümumən qənaətbəxş olduğunu, cinayətkarlığa qarşı mübarizədə əldə edilən nəticələrin ötən ilin eyni dövrü ilə müqayisədə sabit qaldığını demişdir. O bildirmişdir ki, respublikanın daxili işlər orqanlarının əməkdaşları ölkəmizdə keçirilən prezident seçkiləri dövründə ictimai asayişin, sabitliyin qorunması sahəsində qarşısında duran məsul vəzifəni yüksək səviyyədə yerinə yetirmişlər və Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı daxili işlər orqanlarının fəaliyyətini yüksək qiymətləndirmişdir.
Qeyd olunmuşdur ki, oktyabrın 16-da müxalifətin radikal qanadının hakimiyyəti zorla devirmək üçün törətdiyi kütləvi iğtişaşların qarşısının qətiyyətlə alınması bir daha sübut etmişdir ki, ölkənin hüquq mühafizə orqanları Azərbaycan xalqı ilə daim birlikdədir və dövlətçiliyimizə, müstəqilliyimizə qarşı yönəlmiş bütün təxribatların qarşısı bu birlik, xalqın Heydər Əliyev siyasi kursuna sədaqəti, dəstəyi sayəsində bundan sonra da qətiyyətlə alınacaqdır.
Həmçinin bu hadisələrdən sonra ictimaiyyət nümayəndələrindən, ayrı-ayrı təşkilatlardan və əmək kollektivlərindən daxil olan minlərlə məktub və teleqramda ölkədə sabitliyin, əmin-amanlığın pozulmasına yönəlmiş hərəkətlərin, müxalifət və demokratiya pərdəsi altında qanunsuz əməllərin, özbaşınalığın qarşısının alınmasında daxili işlər orqanlarının, Daxili Qoşunların, bütövlükdə hüquq mühafizə orqanlarının fəaliyyətindən razılıq ifadə olunur.
Nəzərə çatdırılmışdır ki, bu günədək həmin hadisələrin iştirakçılarından 107 nəfəri həbs edilmiş, 17 nəfər barədə axtarış işi açılmışdır. Bu cinayətin təşkilatçıları və birbaşa iştirakçıları haqqında istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Son illər ərzində kriminogen durumun daim nəzarət altında olduğunu, ictimai-siyasi sabitliyin, asayişin qorunması və dönməzliyinin təmin edilməsi üçün bundan sonra da lazımi tədbirlərin görüləcəyini vurğulayan daxili işlər naziri, çıxışını yeni, müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz cənab Heydər Əliyevin “Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir” sözləri ilə bitirərək, daxili işlər orqanlarının və Daxili Qoşunların öz xidmətini məhz bu prinsiplər əsasında qətiyyətlə davam etdirəcəyini diqqətə çatdırmışdır.
Sonra “Təqsirləndirilən və itkin düşmüş şəxslərin axtarışı, tanınmamış meyitlərin şəxsiyyətinin müəyyən edilməsi işinin vəziyyətinə dair” məruzə ilə çıxış edən Baş Cinayət–Axtarış İdarəsinin rəisi, polis general-mayoru Zakir Nəsirov bu istiqamətdə görülən təşkilati və praktiki tədbirlər barədə məlumat vermişdir.
Yetkinlik yaşına çatmayanlar arasında nəzarətsizliyin və hüquqpozmaların profilaktikası, bu sahədə müvafiq dövlət orqanları və ictimai təşkilatlarla qarşılıqlı əlaqələrin vəziyyəti Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis polkovniki Cavanşir Məmmədovun məruzəsində təhlil olunmuşdur. Məruzədə qarşılıqlı əməkdaşlıq proqramları çərçivəsində aidiyyatı nazirliklər, dövlət orqanları və beynəlxalq təşkilatlarla yetkinlik yaşına çatmayanlar arasında hüquqpozmaların və nəzarətsizliyin profilaktikası, uşaq hüquqlarının müdafiəsi, xüsusilə dövlətin köməyinə və qayğısına ehtiyacı olanların problemlərinin həlli yönümündə işgüzar əlaqələrin genişləndirilməsi, eləcə də birgə tədbirlərin keçirilməsinin səmərəliliyi qeyd olunmuşdur.
Müzakirələrdə çıxış edənlər görülən işlər barədə hesabat vermiş, uğurlarla yanaşı, buraxılmış nöqsan və çatışmazlıqlardan danışmışlar.
Kollegiya iclasına yekun vuran daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirə olunan məsələlər barədə fikirlərini söyləmiş, müvafiq orqanların rəhbərlərinə tapşırıqlarını vermiş, nöqsan və çatışmazlıqların ilin sonunadək aradan qaldırılmasını tələb etmişdir. Nazir xüsusi qeyd etmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 17-də Nazirlər Kabinetinin ilk geniş iclasında söylədiyi proqram xarakterli nitqi hər bir daxili işlər orqanında diqqətlə öyrənilməli və icrası tam təmin edilməlidir.
General-polkovnik Ramil Usubov Azərbaycanda həyatın bütün sahələrinin inkişaf etdiyini, bunun nəticəsində dövlətçiliyin möhkəmləndiyini, sabitliyin dönməz xarakter aldığını bildirərək, prezident seçkilərində xalqın mütləq əksəriyyətinin möhtərəm Heydər Əliyev kursunu dəstəklədiyini, ölkəmizin sabit inkişafına səs verdiyini bildirmiş və qeyd etmişdir ki, baş verən cinayətlərin sayı məhz bu sabitlik nəticəsində azalmış, açılma faizi yüksəlmişdir və indi respublikamız təkcə Qafqazda deyil, MDB dövlətləri arasında ən sabit ölkədir.
Eyni zamanda vətəndaşların qəbulu, ərizə və şikayətlərinin diqqət mərkəzində saxlanılmasının zəruriliyi bildirilmiş, şəxsi heyət arasında nizam-intizamın daha da yüksəldilməsi tələb olunmuşdur.
Sonda daxili işlər naziri Ramil Usubov ölkəmizin Prezidentini əmin etmişdir ki, daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti bundan sonra da dövlətimizin rəhbərinin, Ali Baş Komandanın yüksək etimadı və tələbləri səviyyəsində xidmət aparacaq, ili layiqli göstəricilərlə başa vuracaqdır.