SİYASƏT
AZƏRBAYCANIN DAXİLİ QOŞUNLARI İLƏ ÇİN SİLAHLI MİLİS QÜVVƏLƏRİ ARASINDA ƏLAQƏLƏR GENİŞLƏNİR
AZƏRTAC xəbər verir ki, daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənovun dəvəti ilə Çin Xalq Respublikasının Silahlı Milis Qüvvələrinin Fuçzyan baş dəstəsinin qərargah rəisi, baş polkovnik Lin Li Denin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Aprelin 17-də çinli qonaqlar Daxili Qoşunların baş idarəsində olmuşlar. Əvvəlcə Daxili Qoşunların torpaqlarmızın müdafiəsi uğrunda şəhid olmuş əməkdaşlarının xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyulmuşdur.
General-leytenant Zakir Həsənovla baş polkovnik Lin Li Denin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilmişdir.
Görüşdə qarşılıqlı əməkdaşlıq barədə müzakirələr aparılmış, təcrübə mübadiləsinə dair razılıq əldə edilmişdir.
Sonra kütləvi informasiya vasitələri üçün brifinq keçirilmişdir.
Lin Li De təmsil etdiyi qurumla Daxili Qoşunların vəzifələrinin oxşarlığını vurğulamışdır. Qonaq səfərdən məqsədin hər iki ölkənin müvafiq qurumları arasında qarşılıqlı əlaqələr, əməkdaşlıq və təcrübə mübadiləsi olduğunu bildirmişdir.
2005-ci ildə Prezident İlham Əliyevin Çin Xalq Respublikasına səfərini xatırladan qonaq bu səfərin ölkələrimiz arasında bir çox sahələrdə əməkdaşlıq üçün böyük imkanlar yaratdığını qeyd etmişdir.
Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov Çinin hərbi məktəblərində 20-dən çox azərbaycanlı zabitin təhsil aldığını xatırlatmışdır. Komandan Çin Silahlı Milis Qüvvələrinin əlbəyaxa döyüş, xüsusi təyinatlıların ekstremal şəraitdə hazırlığı üzrə təlimatçılarını Azərbaycana dəvət etdiklərini bildirmişdir. Zakir Həsənov gələcəkdə Çin Silahlı Milis Qüvvələri ilə Azərbaycan Daxili Qoşunları arasında əməkdaşlığa dair sazişin imzalanacağını da istisna etməmişdir.
Qonaqlar həmin gün DQ-nin hərbi hospitalında da olmuşlar.
Səfər çərçivəsində çinli qonaqlar Daxili Qoşunların hərbi hissələri ilə tanış olacaqlar.