AZƏRBAYCANIN GƏNCLƏR TƏŞKİLATLARI PREZİDENT SEÇKİLƏRİNİN YEKUNLARINI MÜZAKİRƏ ETMİŞLƏR
AzerTAg.az
Noyabrın 10-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Prezident seçkiləri-2003” Gəncləri Təşkilatları təbliğat qrupunun və “Gəncliyin seçimi-Heydər Əliyev yolu” ümumrespublika gənclər hərəkatının birgə yekun tədbiri keçirilmişdir.
Yığıncaqda çıxış edənlər dünya birliyinə sürətlə inteqrasiya edən müstəqil Azərbaycanın dünyada, xüsusilə də regionda layiqli yer tutduğunu qeyd etmiş, əldə olunmuş tarixi nailiyyətlərin ümummilli liderimiz Heydər Əliyevin titanik əməyinin bəhrəsi kimi dəyərləndirmişlər.
Oktyabrın 15-də keçirilmiş prezident seçkilərində Azərbaycan xalqı bir daha müdriklik göstərərək Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı İlham Əliyevi ölkəmizin başçısı seçdi.
Natiqlər İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsini xalqımızın, o cümlədən gənclərin sevinc hissi ilə qarşıladıqlarını qeyd etmişlər. Bildirilmişdir ki, dövlətin ali vəzifəsində İlham Əliyev xalqımızın firavan gələcəyi, ölkəmizin daha da yüksəlməsi üçün Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirəcəkdir.
Tədbirdə Milli Məclisin deputatları, elm, təhsil və incəsənət nümayəndələri iştirak edirdilər.
Xəbərin mətnində orfoqrafik səhv var