SİYASƏT
AZƏRBAYCANIN İRANDAKI SƏFİRİ BU ÖLKƏNİN ƏDLİYYƏ NAZİRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Martın 18-də Azərbaycanın İran İslam Respublikasındakı səfiri Abbasəli Həsənov İİR-in ədliyyə naziri Məhəmməd İsmayıl Şüştəri ilə görüşmüşdür.
Səfirliyin mətbuat xidmətindən AZƏRTAC-a demişlər ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ötən il mayın 18-20-də İrana rəsmi səfərinin iki ölkə arasında əlaqələrin bütün sahələr üzrə inkişafına böyük təkan verdiyi bildirilmişdir. Həmçinin Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovun fevral ayının 22-25-də İrana rəsmi səfəri zamanı aparılan danışıqlar və əldə edilmiş razılaşmaların səmərəli olduğu vurğulanmış, münasibətlərin bugünkü durumu və gələcək perspektivləri ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Tərəflər iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlığın hüquqi bazasının möhkəmləndirilməsinin vacibliyini qeyd etmiş, bir ölkənin vətəndaşlarının digər ölkədə qarşılaşdığı problemlərin həll edilməsində müvafiq nazirliklər arasında əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamışlar.
Səfir Abbasəli Həsənov nazir Fikrət Məmmədovun təşəkkür və dəvət məktublarını iranlı həmkarına çatdırmış və Şüştərinin Bakıya səfərinin tarixi ilə bağlı fikir mübadiləsi aparılmışdır. İİR Prezidenti Məhəmməd Xatəminin Bakıya rəsmi səfərinə qədər Şüştərinin səfərinin həyata keçirilməsi qərara alınmışdır.