SİYASƏT
AZƏRBAYCANIN İŞĞAL OLUNMUŞ TORPAQLARI EKOLOJİ FƏLAKƏT ZONASI ELAN EDİLMƏLİDİR
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının ekoloji fəlakət zonası elan edilməsi barədə beynəlxalq təşkilatlara müraciət etmək niyyətindədir. Nazir Hüseynqulu Bağırov bu barədə jurnalistlərə məlumat verərək demişdir ki, müraciət Ermənistanın təcavüzünün ölkəmizin ətraf mühitinə dağıdıcı təsirinin nəticələrinin səviyyəsini müəyyənləşdirmək üzrə nazirliyin nəzdində fəaliyyət göstərən operativ mərkəzin hazırladığı hesabatın məlumatlarına əsaslanacaqdır. Təkcə 1989-1991-ci illərdə Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın təbiətinə 316 milyon 834 min 454 rubl məbləğində ziyan vurulmuşdur. Hazırda nazirliyin mütəxəssisləri hesabatın ikinci hissəsi üzərində işləyirlər.
Nazir bəyan etmişdir ki, Kür və Araz çaylarının çirklənmə mənbələrinin, radioaktiv tullantıların basdırıldığı yerlərin müəyyənləşdirilməsi ilə bağlı müştərək regional monitorinq layihələri istisna olmaqla, Ermənistanla heç bir əməkdaşlıqdan söhbət gedə bilməz.