SİYASƏT
AZƏRBAYCANIN KONSTİTUSİYA MƏHKƏMƏSİ AVROPA DÖVLƏTLƏRİNİN MÜVAFİQ QURUMLARININ TƏCRÜBƏSİNİN ÖYRƏNİLMƏSİNƏ MARAQ GÖSTƏRİR
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin ATƏT ilə əməkdaşlığını yüksək qiymətləndirərək, ötən ilin dekabrında bu beynəlxalq qurum tərəfindən Azərbaycanın Konstitusiya Məhkəməsi əməkdaşlarından ibarət nümayəndə heyətinin Polşanın Konstitusiya Tribunalına səfəri təşkil edildiyinə görə minnətdarlığını bildirmiş, həmin ölkənin konstitusiya nəzarəti orqanının fərdi şikayətlərin öyrənilməsi sahəsində təcrübəsinin böyük maraq doğurduğunu vurğulamışdır. Həmçinin qeyd edilmişdir ki, respublikamızın Konstitusiya Məhkəməsində fərdi şikayətlərə baxılarkən digər ölkələrin, xüsusilə də Avropa dövlətləri konstitusiya məhkəmələrinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi və presedentinə böyük diqqət yetirilir.
ATƏT-in Bakı ofisinin rəhbəri Piter Burhard Azərbaycan Konstitusiya Məhkəməsinin, habelə bütün məhkəmə sisteminin fəaliyyətinin təkmilləşdirilməsi üçün müvafiq yardım göstərməyə hazır olduğunu bildirmişdir.
Görüşdə F.Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin Bakı Biznes Mərkəzinin açılışında məhkəmələrin fəaliyyəti ilə bağlı söylədiyi tənqiddən nəticə çıxarılaraq respublika məhkəmələrinin bütün instansiyalarının işində dönüş yaradılması üçün mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdırmışdır. Konstitusiya Məhkəməsinin sədri demişdir ki, ölkəmizin məhkəmə sistemini Avropa standartlarına uyğunlaşdırmaq üçün beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in hüquqi yardımını yüksək qiymətləndiririk.