AZƏRBAYCANIN MİLLİ BAYRAMI – RESPUBLİKA GÜNÜ XARİCİ ÖLKƏLƏRDƏ GENİŞ QEYD EDİLMİŞDİR
AzerTAg.az
Azərbaycanın Xarici İşlər Nazirliyindən AZƏRTAC-a xalqımızın milli bayramı – Respublika günü münasibətilə xarici ölkələrdə keçirilmiş tədbirlər barədə daha bir neçə məlumat daxil olmuşdur. Aşağıda onları təqdim edirik.
Azərbaycanın Belçikadakı səfirliyi Brüsselin məşhur “Sent-Ann” qəsrində Respublika günü ilə bağlı mərasim keçirmişdir. Tədbirdə Belçikada akkreditə olunmuş diplomatik korpusun əməkdaşları, səfirlər, müxtəlif beynəlxalq təşkilatların, yerli ictimai birliklərin, mədəniyyət və işgüzar dairələrin, mətbuatın və diaspor cəmiyyətlərinin nümayəndələri iştirak etmişlər.
Gecədə 15 yaşlı istedadlı Azərbaycan pianoçusu, Bülbül adına Bakı Orta İxtisas Musiqi Məktəbinin şagirdi Riad Məmmədov həm klassik musiqilərdən parçalar, həm də Belçikada çox məşhur caz musiqiçisi Aleks Skorierin rəhbərliyi altında “Brüssel Biq-band” orkestrinin müşayiəti ilə Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini ifa etmişdir. Müğənni Tünzalə Ağayevanın ifasında xalq və bəstəkar mahnılarımız iştirakçıların qəlbini oxşamışdır. Həmçinin foto-rəssam Tahir Məmmədovun əsərlərindən ibarət sərgi böyük marağa səbəb olmuşdur.
Daha bir mədəni tədbir – rejissor Adil Azayın “Sirlər xəzinəsi – Qız qalası” filminin təqdimatı tədbirin iştirakçılarını heyran qoymuşdur. Gecənin bədii hissəsi tanınmış rep ustası Anar Nağılbazın çıxışı ilə başa çatmışdır.
İştirakçılar Azərbaycanın milli mətbəxinin nemətlərinə qonaq edilmişlər.
X X X
Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyi Əbu-Dəbi şəhərinin məşhur “İnterkontinental” mehmanxanasında 28 May – Respublika gününə həsr olunmuş tədbir keçirmişdir. Tədbirdə BƏƏ-nin dövlət və hökumət nümayəndələri, tanınmış iş adamları, Azərbaycan icmasının üzvləri iştirak etmişlər.
Qonaqlara Azərbaycanın müstəqillik uğrunda mübarizə tarixindən, suveren ölkəmizdə həyata keçirilən demokratik islahatlardan, respublikamızın ərəb ölkələri ilə əlaqələrindən ətraflı söhbət açılmışdır. Yerli mətbuat tədbiri geniş işıqlandırmış, “Əl-İttihat” qəzeti isə Respublika günü münasibətilə səfir Eldar Səlimovun geniş müsahibəsini dərc etmişdir.
X X X
Ölkəmizin Rumıniyadakı səfirliyi Respublika gününü Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyası idarə heyətinin üzvləri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlıların, türk icması nümayəndələrinin iştirakı ilə geniş qeyd etmişdir.
Ötən əsrdə Azərbaycanın iki dəfə istiqlaliyyətə qovuşması, XX yüzilliyin sonlarında qazanılmış müstəqilliyin ümummilli liderimiz Heydər Əliyevin yorulmaz səyləri ilə dönməz prosesə çevrilməsi, ulu öndərimizin siyasi xəttinin Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, ölkəmizin iqtisadiyyatının dinamik inkişafı barədə mərasim iştirakçılarına dolğun məlumat verilmişdir. Qonaqlara Azərbaycan haqqında tarixi kitablar, bukletlər və xəritələr verilmişdir.
X X X
Azərbaycanın Sankt-Peterburq şəhərindəki fəxri konsulluğu buradakı milli-mədəni muxtariyyatımızla birgə 28 May - Respublika günü münasibətilə təntənəli gecə keçirmişdir.
Gecədə şəhər administrasiyasının rəsmi şəxsləri, diplomatik korpusun başçıları, elm və mədəniyyət xadimləri, iş adamları iştirak etmişlər. Onlar yeni Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Fəxri konsul Qüdsi Osmanov, Azərbaycan - Milli Mədəni Muxtariyyatının şura sədri Vaqif Məmişov və başqaları mərasimdə çıxış edərək Azərbaycan-Rusiya əlaqələrinin inkişafından, qüdrətli dövlət xadimi Heydər Əliyevin bu sahədəki əvəzsiz xidmətlərindən danışmışlar.
Tədbir mədəniyyət xadimlərinin geniş konsert proqramı ilə başa çatmışdır.
Xəbərin mətnində orfoqrafik səhv var