SİYASƏT


AZƏRBAYCANIN MÜSTƏQİLLİK GÜNÜ TBİLİSİDƏ LAYİQİNCƏ QEYD EDİLDİ

Azərbaycanın müstəqilliyi günü Gürcüstan paytaxtında səfirliyimiz və soydaşlarımız tərəfindən təntənə ilə qeyd olunmuşdur. 

Bununla əlaqədar ölkəmizin Tbilisidəki səfirliyi və Gürcüstan Azərbaycanlı Ziyalılar Birliyi Mirzə Fətəli Axundov adına Azərbaycan mədəniyyəti mərkəzində tədbir keçirmişlər. Tədbirdən əvvəl onun iştirakçıları Tbilisinin Dağüstü parkına gələrək, Azərbaycanın burada dəfn olunmuş dövlət xadimlərinin və ziyalılarının məzarlarını ziyarət etdilər, onların məzarları üstünə əklil qoydular.

Sonra mədəniyyət mərkəzində tədbir keçirildi. Tədbiri mədəniyyət mərkəzinin direktoru Məmməd Gülməmmədov açaraq, xalqımızın bu əziz günü münasibətilə hamını təbrik etdi. Səfir Hacan Hacıyev Azərbaycan Prezidenti Heydər Əliyevin müstəqillik günü münasibətilə Gürcüstandakı soydaşlarımıza salam və təbrikini yetirdi, onun ölkəmizdə yenidən hakimiyyətə gəldiyi vaxtdan bəri dövlət müstəqilliyimizin möhkəmlənməsi, Azərbaycan iqtisadiyyatının dirçəlməsi, xalqımızın rifahının yüksəlməsi, əmin-amanlığın və sabitliyin təmin olunması istiqamətində həyata keçirdiyi mühüm işlərdən ətraflı danışdı.

Gürcüstan Prezidentinin milli məsələlər üzrə müşaviri Aleksey Gerasimov cənab Eduard Şevardnadzenin təbrikini yetirdi və xalqlarımızın eyni vaxtda müstəqillik qazandığını vurğuladı. O, öz müstəqilliklərini bərpa etdikdən sonra ölkələrimiz arasında yaradılmış iqtisadi-siyasi əlaqələrdən, xalqlarımızın və onların liderlərinin səmimi dostluğundan söhbət açdı.

Gürcüstan Prezidenti İcra Aparatının ərazi-idarəetmə və regional siyasət məsələri idarəsi rəisinin müavini İmir Məmmədli, Gürcüstan parlamentinin deputatı Ramiz Bəkirov, “Gürcüstan” qəzetinin baş redaktoru Süleyman Süleymanov və soydaşlarımızın nümayəndələri çıxışlarında Azərbaycanın dövlət müstəqilliyinin ildən-ilə möhkəmlənməsində, Gürcüstan-Azərbaycan əlaqələrinin genişlənməsində və bu əlaqələrin gözəl bəhrələr verməsində Prezident Heydər Əliyevin xidmətlərini minnətdarlıq hissi ilə qeyd etdilər.

Şahismayıl Məmmədov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.