SİYASƏT
AZƏRBAYCANIN NAİLİYYƏTLƏRİ YÜKSƏK QİYMƏTLƏNDİRİLİR
Ölkəmizdə səfərdə olan Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Alvaro Hil Robles ədliyyə naziri Fikrət Məmmədovla görüşmüşdür.
Qonağı səmimi salamlayan ədliyyə naziri Azərbaycanda ardıcıl surətdə aparılan demokratik islahatlar barədə məlumat verərək, bu islahatların bilavasitə insan hüquqlarının müdafiəsinə yönəldiyini bildirmiş, ölkəmizin Prezidenti cənab Heydər Əliyevin insan haqları ilə bağlı imzaladığı mütərəqqi Fərman və qəbul edilmiş qanunlar, onların mahiyyəti barədə məlumat vermiş, yeni yaradılmış Ombudsman təsisatının formalaşdırılması və ölkəmizin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi üzrə görülən konkret işlərdən danışmışdır.
Azərbaycanda aparılan demokratik proseslər və insan hüquqlarının müdafiəsi sahəsində görülən işlərdən məmnun qaldığını bildirən cənab Hil Robles Avropanın humanist dəyərlərinin və standartlarının mənimsənilməsində, insan hüquqlarının qorunmasında respublikamızın nailiyyətlərini qeyd etmiş, ölkəmizə səfəri çərçivəsində iştirak etdiyi, Ombudsman təsisasına həsr olunmuş seminarın bu sahədə əhəmiyyətini vurğulamışdır. Həmçinin, qaçqın və məcburi köçkünlərin vəziyyəti ilə yaxından maraqlandığını bildirən qonaq onların problemləri ilə yerində tanış olmağa maraq göstərdiyini qeyd etmişdir.
Görüşdə yeni yaradılmış Ombudsman təsisatı ilə dövlət orqanlarının, o cümlədən Ədliyyə Nazirliyinin işgüzar əməkdaşlığı üzrə atılan addımlar razılıq hissi ilə qeyd edilərək təqdirəlayiq sayılmışdır.
Faydalı fikir mübadiləsi şəraitində keçən görüşdə qonağı maraqlandıran suallara ətraflı cavablar verilmiş, ona bir sıra materiallar təqdim olunmuşdur.