MƏDƏNİYYƏT
AZƏRBAYCANIN OPERA SƏHNƏSİNƏ YENİ LEYLİ VƏ MƏCNUN GƏLİR
Bakı, 9 aprel (AZƏRTAC). Tamaşaçılar Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində yeni “Leyli və Məcnun”u izləyəcəklər. Teatrın mətbuat xidmətindən bildirmişlər ki, mayın 3-də nümayiş etdiriləcək operada Vüsalə Musayeva Leyli, İlkin Əhmədov isə Məcnun rolunda debüt edəcəklər.
Azəbaycan Dövlət Akademik Opera və Balet Teatrı gənclərin önə çıxmasına böyük əhəmiyyət verir. Teatr rəhbərliyinin Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Musiqi Kolleci və digər tədris ocaqları ilə sıx əməkdaşlığı nəticəsində gənc, istedadlı muğam və vokal ifaçıları aşkar edilir, teatra cəlb olunurlar.
Teatrdan bildirmişlər ki, opera səhnəsinə gənc muğam ustalarının gəlişinə son illər ölkəmizdə keçirilən muğam müsabiqələrinin də müsbət təsiri olmuşdur. 2005-ci ildə keçirilən I ümumrespublika müsabiqəsinin qalibləri Təyyar Bayramov, Elnur Zeynalov və Elşad Aydınoğlu artıq teatrın solistləridir. Mayın 3-də debüt edəcək V.Musayeva və İ.Əhmədov da həmin müsabiqənin iştirakçılarıdır.