MƏDƏNİYYƏT
AZƏRBAYCANIN PEŞƏKAR FOTOQRAFLARININ SƏRGİSİ AÇILMIŞDIR
Sərgidə tamaşaçılara 12 fotoqrafın 150 əsəri təqdim olunur. Ekspozisiya iki hissədən ibarətdir. Birinci hissədə ümummilli liderimiz Heydər Əliyevin çoxşaxəli fəaliyyətini, müstəqil dövlətçiliyimizin qurulması və möhkəmləndirilməsi yolunda misilsiz xidmətlərini universal rakusda daha qabarıq planda göstərən fotolar təqdim edilir. Bu əsərlərdə tamaşaçılar Heydər Əliyevi həm də mehriban ata, qayğıkeş baba, öz müqəddəs borcunu icra edən zəvvar kimi görürlər.
İkinci hissəni daha çox yaradıcılıq mozaikası adlandırmaq olar. Burada foto ustalarının dünyagörüşünü, həyat mövqeyini müəyyənləşdirmək mümkündür.
Ümumilikdə isə, sərgidə nümayiş etdirilən fotolar reallığın sənədli inikası olaraq tamaşaçıda estetik duyğular doğurur, əsl incəsənət əsərinə çevrilir.
Ziyalıların, sənət adamlarının, elm və din xadimlərinin iştirak etdikləri açılış mərasimində muzeyin direktoru İsrafil İsrafilov, mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Milli Məclisin deputatı Asya Manafova, Milli Elmlər Akademiyasının müxbir üzvü Vasim Məmmədəliyev və başqaları çıxış edərək, salona toplaşanları Respublika günü münasibətilə təbrik etmiş, peşəkar fotoqraflara yeni yaradıcılıq uğurları arzulamışlar.