RƏSMİ XRONİKA
AZƏRBAYCANIN REGİON VƏ ÜMUMƏN DÜNYA ÜÇÜN ƏHƏMİYYƏTLİ LAYİHƏLƏRİN HƏYATA KEÇİRİLMƏSİNDƏ MÜSBƏT TƏCRÜBƏSİ VAR
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VARŞAVAYA SƏFƏRİ
PREZİDENT İLHAM ƏLİYEV AVROPA İQTİSADİ SAMMİTİNDƏ İŞTİRAK ETMİŞDİR
Azərbaycan Prezidenti İlham Əliyevi “Sofitel Viktoria” mehmanxanasında tədbirin bir sıra iştirakçıları, o cümlədən Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Jan Lemyer, Dünya Bankının və digər qurumların nümayəndələri səmimiyyətlə qarşıladılar və ölkəmizdə həyata keçirilən irimiqyaslı layihələr və bəzi başqa məsələlər barədə suallarla müraciət etdilər.
Avropa iqtisadi sammitini Polşa Prezidenti Aleksandr Kvasnevski açdı.
Sammitin “Şərqi Avropa ölkələrinin Avropa Birliyinə daxil olması xüsusiyyətləri və problemlər” mövzusuna həsr olunmuş bölmə iclasında tədbirin təşkilatçıları iştirakçıları səmimi salamlayaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu müzakirələrə xüsusi qonaq kimi dəvət olunduğunu elan etdilər. Digər iştirakçılar da təqdim edildikdən sonra müzakirələrin aparıcısı DULİP ALVİVARİYƏ söz verildi. O dedi:
- Avropa Birliyinə daxil olarkən Şərqi Avropa ölkələrində nəzərəcarpacaq infrastruktur qıtlığı hiss edilir. Bu ölkələrin Avropa strukturlarına inteqrasiyasına keçid dövrünün başlamasından 14 il ötsə də, bir sıra problemlər hələ qalmaqdadır. Təkcə bir rəqəmi nəzərinizə çatdıraq ki, 14 il ərzində Qərbi Avropa ölkələrində 10 kilometr avtomobil yolu çəkilmişdir, həmin müddətdə Şərqi Avropa ölkələri üzrə bu göstərici 700 kilometrdir. Polşa, Macarıstan və Çexiya digər ölkələrlə müqayisədə bir qədər irəli gediblər. Bu ölkələrdə hətta infrastrukturun inkişafına özəl sərmayənin cəlb olunmasına səy göstərilmişdir.
Buradan bir sıra suallar meydana çıxır. Bu, Şərqi Avropa ölkələri hökumətlərinin günahı üzündən, yoxsa onların infrastruktur layihələrini həyata keçirmək istəməməsindən baş verir? Bəlkə də, bu hal Avropa Birliyinin ləng hərəkət etməsindən irəli gəlir? Yoxsa, səbəb həmin ölkələrin kifayət qədər resurslarının və hüquqi bazasının olmamasıdır? Yaxud, dövlət sektoru ilə özəl sektor arasında münasibətlər lazımi səviyyədə qurulmamışdır?
Biz bu müzakirələrdə bütün bu suallara cavab tapmağa çalışacağıq. Amma bundan əvvəl mən böyük məmnuniyyətlə sözü bu müzakirələrə xüsusi qonaq kimi dəvət olunmuş Azərbaycan Prezidenti cənab İlham Əliyevə verirəm.