İQTİSADİYYAT
AZƏRBAYCANIN ŞƏFFAFLIQ TƏŞƏBBÜSÜ SAHƏSİNDƏ GÖRDÜYÜ İŞLƏR LONDONDA TƏQDİR OLUNMUŞDUR
Azərbaycanın Böyük Britaniyadakı səfirliyi və İngiltərə-Azərbaycan Cəmiyyətinin respublikasının şəffaflıq təşəbbüsünə qoşulmasının praktiki yolları ilə bağlı məlumat verilməsi məqsədi ilə təşkil etdiyi brifinqdə S.Şərifov Azərbaycanda şəffaflıq təşəbbüsü ilə bağlı görülən işlər, o cümlədən Azərbaycanda fəaliyyət göstərən və neft və qaz hasilatı ilə məşğul olan şirkətlərin dövlətə ödənişləri ilə bağlı hazırlanmış hesabat formalarının xarici şirkətlərlə və qeyri-hökumət təşkilatları ilə müzakirəsinin təşkil olunması, eləcə də qeyri-hökumət təşkilatlarının hesabatların doldurulmasında 3-cü tərəf rolunu oynaması ilə bağlı təkliflər və bu məqsədlə bağlı keçirilmiş görüş barədə məlumat vermiş və tədbir iştirakçılarının suallarını cavablandırmışdır.
Komissiya sədri qeyd etmişdir ki, Azərbaycan 2003-cü il iyunun 17-də Londonda keçirilmiş “Təbii ehtiyatların hasilatı ilə məşğul olan sənaye sahələrində şəffaflıq təşəbbüsü” konfransında təşəbbüsə qoşulduğunu bəyan etdikdən sonra bu sahədə mühüm addımlar atmışdır və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı əsasında ötən ilin noyabr ayında Nazirlər Kabineti tərəfindən verilmiş sərəncamla təşəbbüsün həyata keçirilməsi üçün nazirliklərin nümayəndələrinin təmsil olunduğu milli komissiya yaradılmışdır.
Görüşdə iştirak edən “Qlobal Witness”, “Transparency İnternational”, “Save the Children”, Açıq Cəmiyyət İnstitutu və dünyanın digər aparıcı qeyri-hökumət təşkilatlarının nümayəndələri Azərbaycan hökumətinin neft və qaz gəlirlərinin şəffaf idarə edilməsi üçün atdığı addımları yüksək qiymətləndirmişlər.
Tədbirdə iştirak edən Açıq Cəmiyyət İnstitutunun yaradıcısı Corc Soros öz çıxışında respublikamızın rəhbərliyi ilə görüşləri zamanı Azərbaycan Hökumətinin şəffaflıqla bağlı öz üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsindən və Azərbaycanın şəffaflıq təşəbbüsü sahəsində pilot ölkə olmasından məmnun qaldığını bildirmişdir. C.Soros qeyd etmişdir ki, hökumətə ödənişlərlə bağlı hesabatlardakı rəqəmlərin toplanaraq hesablanması işini qeyri-hökumət təşkilatlarına və yaxud hər hansı digər üçüncü bir tərəfə həvalə etmək gərək deyil və bu işin təbii ehtiyatların hasilatı ilə məşğul olan sənaye sahələrində şəffaflıq təşəbbüsü üzrə komissiya tərəfindən aparılması daha məqsədəuyğundur.
“Qlobal Witness” təşkilatının nümayəndəsi isə hökumətə ödənişlərlə bağlı hesablamaların aparılması üçün hər hansı üçüncü tərəfə ehtiyac olmadığını qeyd edərək, hökumətin özünün və şirkətlərin fərdi olaraq hesabatları dərc etdirməsi təklifini irəli sürmüşdür.
Samir Şərifov həmin təkliflərin təşəbbüsün təsis konfransında razılaşdırılmış konsepsiyadan fərqləndiyini bildirərək bu məsələyə xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulamış və Azərbaycanın şəffaflıq təşəbbüsü sahəsində pilot ölkə olaraq qısa müddət ərzində bu məsələ ilə yaxından məşğul olduğunu nümayiş etdirəcəyini bildirmişdir.
Azərbaycanın şəffaflıq təşəbbüsü ilə bağlı gördüyü işlər barəsində verilən məlumatlar böyük maraqla qarşılanmış və ölkənin bu sahədə əldə etdiyi nailiyyətlər yüksək qiymətləndirilmişdir.