SİYASƏT
AZƏRBAYCANIN SƏUDİYYƏ ƏRƏBİSTANINDAKI SƏFİRLİYİ XOCALI FACİƏSİ İLƏ ƏLAQƏDAR BƏYANAT YAYMIŞDIR
Ölkəmizin Səudiyyə Ərəbistanındakı səfirliyi Azərbaycan xalqının tarixinə qanlı sətirlərlə həkk olunmuş 1992-ci ilin 26 fevral tarixində erməni faşistlərinin və onların əlaltıları olan 366-cı sovet alayının cəlladları tərəfindən törədilmiş Xocalı soyqırımının 11-cü ildönümü ilə əlaqədar xüsusi bəyanatla çıxış etmişdir.
Səfirlikdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bəyanat İslam Konfransı Təşkilatı xətti ilə müsəlman dövlətlərində, İslam İnformasiya Agentliyi vasitəsilə ərəb və islam dövlətlərinin mətbuat agentliklərində yayılmış, bu ölkələrin kütləvi informasiya vasitələrində öz əksini tapmışdır.
Ərəb dünyasının, o cümlədən Səudiyyə Ərəbistanının ən nüfuzlu qəzeti olan “Əş-Şərq Əl-Əvsat” Xocalı faciəsi barəsində səfirlik tərəfindən hazırlanan mətbuat üçün məlumatı da öz səhifələrində dərc etmişdir.
Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Elman Araslı və səfirliyin əməkdaşları Səudiyyə Ərəbistanının rəsmi və ictimai dairələrinin, ölkədə akkreditə olunmuş diplomatik missiyalarının nümayəndələri ilə çoxsaylı görüşlərində Xocalı hadisələrinin əsl mahiyyətini, erməni təcavüzkarlarının azərbaycanlılara qarşı apardığı soyqırım siyasətini, onların uşaqlara, qadınlara və ahıllara qarşı cinayətlərini ifşa edən geniş izahat işi aparmışlar.