SİYASƏT
AZƏRBAYCANIN SİLAHLI QÜVVƏLƏRİ ABŞ SİLAHLI QÜVVƏLƏRİ İLƏ ƏMƏKDAŞLIĞI İNKİŞAF ETDİRMƏYƏ HƏMİŞƏ HAZIRDIR
Müdafiə naziri səfiri salamladıqdan sonra ona ABŞ-a səfəri barədə məlumat vermişdir. O, ABŞ müdafiə naziri D.Ramsfeldlə keçirdiyi görüş zamanı onun Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli variantının dəstəklədiyindən və konqresmen Kurt Ueldonun Azərbaycanı dəstəkləyən “Koros” işçi qrupunu yaratmasından məmnun olduğunu xüsusi vurğulamışdır.
General-polkovnik Səfər Əbiyev səfər zamanı keçirdiyi digər görüşlər haqqında da səfir R.Harnişlə fikir mübadiləsi etmiş və bütövlükdə səfərin yekunlarından razı qaldığını söyləyərək demişdir: “Azərbaycan Respublikasının Silahlı Qüvvələri ABŞ Silahlı Qüvvələri ilə əməkdaşlığı inkişaf etdirməyə həmişə hazırdır”.
Səfir R.Harniş general-polkovnik S.Əbiyevi ABŞ-a uğurlu səfəri münasibətilə təbrik etmişdir. O qeyd etmişdir ki, bu səfər hər iki ölkənin milli maraqlarına xidmət etdiyi üçün faydalıdır.
Sonra səfir, müdafiə naziri ilə Amerika-Azərbaycan hərbi əlaqələrinin perspektivləri haqqında geniş fikir mübadiləsi etmişdir. Səfir R.Harniş ABŞ müdafiə naziri D.Ramsfeldin Ermənistan-Azərbaycan münaqişəsinin mərhələli həllini dəstəklədiyini təqdir edərək bildirmişdir ki, bu yaxınlarda ATƏT-in Dağlıq Qarabağ münaqişəsi üzrə Minsk qrupunun amerikalı həmsədri Rudolf Perina dəyişdiriləcək və onu səfir Stiven Mən əvəz edəcəkdir. Biz inanırıq ki, o, danışıqlar prosesinə yeni nəfəs gətirəcəkdir.
Tərəflər Azərbaycan Silahlı Qüvvələri bölmələrinin sülhməramlı əməliyyatlarda fəaliyyəti məsələsinə toxunarkən general-polkovnik S.Əbiyev vurğulamışdır ki, Azərbaycan tərəfi antiterror koalisiyasının üzvü kimi həmin əməliyyatlarda iştirakını davam etdirmək niyyətindədir və bu bölmələrin fəaliyyətini daim nəzarətdə saxlayır.
Tərəflər bu il Bakıda keçiriləcək “Kooperativ Best Effort-04” səhra təlimlərinin hazırlıq prosesi, Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolları ətrafında da söhbət aparmışlar.
General-polkovnik S.Əbiyev demişdir: “Dağlıq Qarabağ məsələsinin həllində ədalət işğalçıya xidmət edə bilməz. Ədalət yalnız birdir: Azərbaycanın işğal olunmuş bütün torpaqları azad edilməlidir”.
Səfir R.Harniş bildirmişdir ki, biz məsələnin danışıqlar yolu ilə uzunmüddətli həllinə nail olmaq istəyirik. Siz Vaşinqtondan qayıtdıqdan sonra bəyan etmisiniz ki, müharibə hər an başlaya bilər.
General-polkovnik S.Əbiyev demişdir: “Ermənistanda daxili vəziyyət çox gərgindir. Ermənistan dövlətinin rəhbərləri ölkənin daxilində vəziyyətə nəzarəti itirdikləri halda müharibəyə başlaya bilərlər. Bundan əlavə, onlar gecə-gündüz fikirləşirlər ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşasına necə maneçilik törətsinlər. Mən də müdafiə naziri kimi bunları görür və ictimaiyyətə xəbərdarlıq edirəm. Biz dövlətimizin ərazi bütövlüyünü müdafiə etməyə həmişə hazır olmalıyıq”.