İQTİSADİYYAT
AZƏRBAYCANIN SOSİAL-İQTİSADİ İNKİŞAFINDA NEFT AMİLİNİN ROLU İLBƏİL ARTIR
AZƏRTAC xəbər verir ki, indi Azərbaycan dünyanın ən sabit və davamlı inkişaf edən ölkələrindən biridir və ölkəmiz sosial-iqtisadi inkişafı xarakterizə edən ümumi daxili məhsul istehsalının artım sürətinə görə dünyada liderdir.
Cari ilin ilk 6 ayında Azərbaycanda ümumi daxili məhsul istehsalının 35,1 faiz, iqtisadiyyatın aparıcı sahəsi olan sənayedə isə məhsul buraxılışının həcminin 35,6 faiz artması buna əyani sübutdur. İlin birinci yarısında ölkə sənayesinin mühüm növ məhsullarından sayılan xam neft və qaz hasilatında da müvafiq olaraq 45,2 faiz və 32,9 faiz artım qeydə alınmışdır.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən bildirmişlər ki, 2007-ci ilin birinci yarısında ölkəmizdə 21 milyon 48,2 min ton neft çıxarılmışdır. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 45,2 faiz çoxdur. İlin sonunadək Azərbaycanda neft hasilatı 40 milyon tonu ötəcək ki, bu da ölkəmizin neft sənayesinin tarixində rekord göstərici olacaqdır.
Yaxın gələcəkdə Azərbaycanda neft hasilatı maksimum səviyyəyə çatdırılaraq, ildə 60-65 milyon tonu keçəcəkdir.